Rayon haqqında
İqtisadiyyat
Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıq təşkil edir. 1992–ci ilə qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında 40211 baş iri və 244000 baş xırda buynuzlu heyvanlar, 44235 arı ailəsi, 1470 hektar meyvə ağacları vardır. Rayonda 3438 hektar sahədə taxıl, 245 hektar sahədə çoxillik otlar, 31 hektar sahədə isə kartof əkilib becərilirdi. Ümumiyyətlə, həmin dövrdə rayon üzrə 36.1 min nəfər əmək qabiliyyətli əhalidən 29.5 min nəfəri kənd təsərrüfatında çalışırdı. Hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun satılırdı. Bununla yanaşı rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki ədəd asfalt zavod, beton zavod, texniki təchizat birliyi, suvarma sistemləri idarəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki ədəd daş karxanası, avtonəqliyyat müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər idarə müəssisələr fəaliyyət göstərirdi.
1992-ci ildə ərazisi erməni işğalına məruz qalan Laçın rayonunun əsas təsərrüfat subyektləri Ağcabədi rayonu Taxta körpü ərazisində müvəqqəti fəaliyyət göstərməyə başladı.
Rayon üzrə fermer və şəxsi təsərrüfatlarda 32516 başdan çox iri buynuzlu mal-qara, 121570 başdan çox xırda buynuzlu heyvanlar saxlanılır. Statistik məlumata əsasən 2020-ci ildə rayon üzrə ət istehsalı 19365 sentner, süd istehsalı 151798 sentner, yun istehsalı 2276 sentner olmuşdur. Taxta-körpü ərazisində əkilmiş 1151.4 hektar sahədən 24776 sentner taxıl istehsal olunub.