Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

A.A.Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2016-cı il .

 

 “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”

1. Ümumi müddəalar
Bu Qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində(bundan sonra – Bank) bu Qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə,həmin hesabdakı qalıqlar nəzərə alınmaqla,fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik ödəmə)verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir.
2. Əsas anlayışlar
2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1. əmanətçi - 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri;
2.2. əmanət qalığı - əmanətçilərin1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında şəxsi əmanət hesablarında olan və 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-ci il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan manatı) nəzərə alınmaqla, bu Qaydaların qüvvəyə mindiyi tarixə Bankda saxladığı pul vəsaitləri;
2.3. əmanət (bank) kitabçası - keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətçiyə şəxsi əmanət hesabının açılmasını və bu hesabda pul vəsaitinin olmasını təsdiq edən sənəd;
2.4. rubl – keçmiş Sovet Sosialist Respublikaları İttifaqında istifadə edilən pul vahidi;
2.5. manat – 2006-cı il 1 yanvar tarixindən Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi işlədilən pul vahidi;
2.6. müvəkkil bank – keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti;
2.7. vərəsə - vəfat etmiş (ölmüş) əmanətçinin (miras qoyanın) mülki qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakının (əmanətinin) keçdiyi Azərbaycan Respublikasının vətəndaşları olan şəxslər.
3. Birdəfəlik ödəmə, onun hesablanması qaydası və maliyyə mənbəyi
3.1. Əmanətçilərə dövlət tərəfindən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan qaydada hesablanmaqla birdəfəlik ödəmə verilir.
3.2. Birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada hesablanır:
 

Əmanət qalığı (manat) Hesablanma qaydası
0,04 manata (2000 rubla) qədər olduqda Əmanət qalığının hər bir qəpiyi üçün 75 manat
0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat
0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat
0,2 manatdan (10000 rubldan)yuxarı 1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat

4. Birdəfəlik ödəmənin verilməsi qaydası və müddəti
4.1. Birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
4.1.1. əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd;
4.1.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
4.1.3. soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
4.1.4. vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı.
4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sənədləri Banka təqdim edən əmanətçilərin əmanət (bank) kitabçasında olan məlumatlar (bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və əmanət (bank) kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı və həmin məlumatların bank tərəfindən təsdiqi) Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulur. Tutuşdurma zamanı məlumatlar öz təsdiqini taparsa, əmanətçiyə birdəfəlik ödəmənin verilməsi bu Qaydalara uyğun olaraq Bank tərəfindən həyata keçirilir.
Tutuşdurma zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə, əmanətçinin müraciəti əsasında bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiya tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir.
4.3. Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir.
4.4. Birdəfəlik ödəmə əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə verilir.
4.5. Birdəfəlik ödəməni almış əmanətçinin Banka qarşı bütün tələbləri təmin edilmiş hesab olunur və əmanətçinin əmanət qalıqlarıüzrə bank müqaviləsinə həmin məbləği aldığı gündən xitam verilir.
Əmanət qalıqları üzrə Bank əmanəti müqaviləsinə xitam verilməsi birdəfəlik ödəməninverilməsi üçün əsasdır.
4.6. Birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır.
4.7. Birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
5. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiyanın fəaliyyəti
5.1. Birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiya həmin birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxır və bu işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir. Əmanətçi Xüsusi Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydadaaidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
5.2. Xüsusi Komissiyanın işinə aidiyyəti dövlət orqanlarının nümayəndələri cəlb edilir (ezam edilir) və onlar birdəfəlik ödəmələrin verilməsi başa çatanadək müvafiq işlərin həyata keçirilməsinə ödənişli əsaslarla təhkim edilirlər.
5.3. Xüsusi Komissiya birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aylıq hesabat təqdim edir.
 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
14 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.

 

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2010-сu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 790) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.

. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2011-ci il.

 

Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Təhsil sahəsində xidmətlərinə görə Laçın rayonunun aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Novruzova Sənubər Kamil qızı
Şahverdiyev İlqar Aydın oğlu

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2010-cu il
№715

 

V.C.Məmmədova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Təhsil sahəsində xidmətlərinə görə Laçın rayonu Minkənd kənd orta məktəbinin müəllimi Varaşil Cəlal oğlu Məmmədova “Əməkdar Müəllim” fəxri adı verilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2010-cu il
№714

 

Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərə fəxri adların verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Laçın şəhərinin 85 illik yubileyi münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının əməkdar müəllimi”

Cəbrayılova Roza Teymur qızı

“Azərbaycan Respublikasının əməkdar həkimi”

İsayev Şakir Şura oğlu
Zeynalov Əvəz Səməd oğlu

“Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”

Abbasova Elmira Humay qızı
Məhərrəmova Solmaz Səttar qızı

“Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi”

Nəzərov Ağaxan Mirzə oğlu

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2009-cu il
№ 164

 

Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərin təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Laçın şəhərinin 85 illik yubileyi münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qasımov Eldəniz Oktay oğlu
Rzayeva Şükufə İsmayıl qızı

“Tərəqqi” medalı ilə

Əliyev Cənnət Əvəz oğlu
Həsənov Oqtay Hüseyn oğlu
Məmmədov Əmiraslan Xanlar oğlu

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2009-cu il
№ 165

 .

 

 

 

Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında

Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq qərara alıram:
1. Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2006-cı il
№ 1476

 

 

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.


Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər.


Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara alıram:


1. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.


3. Özəl müəssisələrin, ali və orta ixtisas təhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.


4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


- müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün;
- Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə
Azərbaycan Respublikası Prezidentinə məlumat versin.


5.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikası Prezidenti

Bakı şəhəri, 01 iyul 2004-cü il
№ 298
 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsin

Nəcəfov Novruz Ələkbər oğlu
 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2011-ci il
 

 

 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
26 fevral 2019


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

 

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2019-cu il.

 

Keçidlər