Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta Körpü köçkünlər qəsəbəsində qaz çəkilişi işlərinə başlanılmışdır

04 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısının nəticəsi olaraq, son illər ölkəmizdə əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır.

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkəmiz üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması işinin davamının vacibliyi nəzərə alınaraq, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” 2018-ci il 5 mart tarixli 3749 nömrəli Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazidə salınmış qəsəbə də daxil edilmişdir.

Həmin sərəncamın icrası olaraq, artıq 2018-ci il 20 may tarixdən etibarən Ağcabədi rayonunun Taxta Körpü köçkünlər qəsəbəsindəki yaşayış evlərinin qazlaşdırılması işinə başlanılmışdır. Hazırda layihə üzrə nəzərdə tutulan işlər davam etdirilir. Görülən işlər ərazidəki məcburi köçkünlərin böyük sevincinə səbəb olmuşdur.

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli həmin ərazidə olmuş, aparılan qaz çəkilişi işlərinin gedişi ilə maraqlanmışdır. Sakinlər bu problemin həllinə görə ölkə başçısı cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər