Şriftin ölçüsü :

Saytın rəngi :

Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Riqada verdiyi bəyanat qərəzli və birtərəflidir

03 oktyabr 2020 | 16:00

   Sentyabrın 27 də işğalçı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində törətdikləri növbəti hərbi təxribat dünyanın diqqətini Cənubi Qafqaza cəmləyib.Dünyanın ayrı-ayrı dövlətləri və diplomatları hərbi əməliyyatlar barəsində müxtəlif bəyənat və fikirlər bildirməkdədir. Heç şübhəsiz, haqqın və ədalətin tərəfində olan hər kəs birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Çox təəssüflər olsun ki, terrorçu Ermənistan dövlətini və törətdikləri qeyri-insani əməlləri dəstəkləyən ölkələr də mövcuddur. Bunun ən bariz nümunəsi hər zaman ermənilərə olan sevgisi və qardaşlığı ilə tanınan Fransadır.Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, son dərəcə birtərəfli və qərəzlidir.
   İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi dəstək və birtərəfli yaydığı bəyanatlar bir daha onların iç üzünü dünyaya göstərmiş oldu.Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir, əksinə sülh və sabitliyə qarşı yönəlmiş növbəti yalnış addımdır.İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməlı, Ermənistana beynəlxalq təzyiq edilməli olan halda Fransa açıq-aşkar Ermənistana dəstək nümayiş etdirir.
   Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı Minsk Qrupunun həmsədri olaraq böyük təəssüf doğurur və onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməli və Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdən başqa bir şey deyil.
   Görünür Fransa Minsk Qrupunun həmsədri olaraq üzərinə düşən vəzifənin nə olduğunu unudub ki, vasitəçinin tərəfsiz və ədalətli olmasını xatırlamır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi və bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu.
1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq. Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa  Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq.
    Qardaş Türkiyənin Azərbaycana olan mənəvi dəstəyini təhrif edən Fransa guya bu dəstəkdən narahatlığını bildirdiyi halda, özü işğalçı Ermənistana hərtərfli dəstək nümayiş etdirir. Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.
   İşğala və işğalçıya olan bu dəstək heç də bizi ruhdan salmır, əksinə daha da mübariz edir. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Çünki, Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var.
   ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqəmətində bu zamana qədər heç bir müsbət nəticəyə nail olmayaraq nə qədər səriştəsiz və bacarıqsız olduğunu çoxdan sübuta yetirib. Eyni zamanda, Fransa münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi. Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı.
Bir məqama nəzər yetirmək lazımdır ki,Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Bundan başqa, Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü. Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər.Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır.
    Tarixi bu qədər istila, müstəmləkəçilik və soyqırırm siyasəti ilə zəngin olan bir dövlətin və onun hakimiyyətinin indi Ermənistana və onun təcavüzkar siyasətinə dəstək verməsi heç də təəccüb doğurmur. Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.

Keçidlər