Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının növbəti iclasını keçirmişdir

28 sentyabr 2020 | 16:00

     Öz təcavüzkar və qeyri-insani əməlləri ilə bütün dünyaya səs salmış Ermənistan dövləti və onun  işğalçı ordusu növbəti çirkin hücumunu 27 sentyabr 2020-ci il tarixində həyata keçirdi. Hər zaman olduğu kimi, bu dəfə də özlərinə layiq şəkildə davranaraq köməksiz mülki əhaliyə hücum edərək nə qədər qorxaq və cılız olduqlarını bir daha sübuta yetirdilər. Ancaq bu dəfə vəziyyət tam fərqlidir. Məğlubiyyətlərə doymayan mənfur qonşumuzun artıq gedecək yolu yoxdur. Törətdikləri əməllərin qarşılığında Şanlı Azərbaycan ordusu tərəfindən aldıqları zərbələr nəticəsində yerlə yeksan olan Ermənistan Silahlı Qüvvələrinin bölmələri çoxlu sayda canlı qüvvə və texnika itirərək yenidən ağır məğlubiyyətə uğradı. Həm də bu dəfə itirdikləri təkcə canlı qüvvə və texnika olmadı. İllər öncə qardaşları Rusiyanın yaxından köməkliyi ilə öz təcavüzkar siyasətini yeridərək işğal etdikləri Azərbaycanın əzəli və əbədi torpaqlarının böyük bir hissəsini də itirdilər. Bütün  baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi.

       Hər dəfə aldıqları ağır zərbələrdən dərs almayan Ermənistan ordusu və başını itirmiş erməni hakimiyyətinin törətdiyi bu hücum onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq.

     Regionda sülhün və sabitliyin pozulmasının yeganə səbəbkarı olan Ermənistan dəfələrlə atəşkəsi pozaraq dinc əhalini hədəfə almışdır. İnsanlığa sığmayan əməlləri ilə ad çıxarmış təcavüzkar Ermənistan dövləti Cənubi Qafqazda ən böyük təhlükədir. 27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır və törədilmiş hadisələr Ermənistanın terror dövləti olduğunun açıq-aşkar sübutudur.

     Rəşadətli ordumuz və mərd xalqımızın birliyi və əzmi yenə  də öz sözünü dedi. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir. Ali baş komandan cənab İlham Əliyevin uğurlu hərb siyasətinin nəticələrinə bu gün bütün dünya şahid olur. Əlbəttə, bütün bu qazanılmış qələbə və uğurlar xalqımızın öz dövlətinə və ordusuna olan inam və etibarını daha da möhkəmləndirir.

    Tarix boyu istila və hücumlara, parçalanmağa məruz qalmış, öz məşəqqətli, eyni zamanda qəhrəman  keçmişi ilə tanınan xalqımız heç bir zaman savaşdan qorxmayıb. Yaşanmış hər əzablı və çətin günlər xalqımızı daha da mübariz və dözümlü etmiş və qəhrəmanlıq səlnaməmizin səbəbi olmuşdur. Bu gün baş vermiş erməni təxribatlarından zərrə qədər də qorxusu olmayan vətəndaşlarımızın göstərdiyi cəsarət və dəyanət bunun bariz nümunəsidir. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.

     Azərbaycan Silahlı Qüvvələrinin qazandığı zəfərlər və uğurlu əməliyyatlar Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Hər dəfə çalınan zəfər, nümayiş olunan ruh yüksəkliyi qələbənin zəmini və müjdəçisidir. Məhz, ordumuzun yenilməzliyi və göstərdiyi igidlik xalq arasında olan ruh yüksəkliyi daha da artırır. Elə buna görə də,  orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir.

    Şübhəsiz, hər bir qüdrətli və güclü ordunun arxasında xalq və ona arxa dayaq duran dövlət olur. Azərbaycan dövləti və şəxsən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna ayrılan diqqət və əldə olunan uğurlu nəticələr, ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.

    27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır və yeritdiyi işğalçılıq siyasəti regionda sülhə və sabitliyə ən böyük maneədir. Azərbaycan isə yalnız özünü müdafiə etmək və ərazi bütövlüyünü qorumaq üçün əks-hücum əməliyyatlarını həyata keçirib.

    Bu hadisələr xalqımızın və ordumuzun mübarizə ruhunu daha  artırır və 27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.

   Bəli, biz  bu gün çoxdandır gözlədiymiz o qələbə və zəfər dolu günlərimizi yaşayırıq. İllərdir həsrətində olduğumuz torpaqlara addım-addım yaxınlaşmaq və bu qəhrəmanlıq savaşında uğurla,əzmlə irəliləmək xalqımızı və ordumuzu daha böyük zəfərlərə aparır. 27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı.Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi “Qarabağ Azərbaycandır-Zəfər bizimdir!”
    Yaşasın qüdrətli Azərbaycan dövləti və onun rəşadətli ordusu!

Keçidlər