Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANADAN OLMASINDAN 103 İL ÖTÜR

28 aprel 2026 | 11:05

Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan, əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya  göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu bitirmişdir.Sonra o, Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursunu  keçmişdir. 1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olmuş və 1953-cü ildə buranı  bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur. Zərifə xanım Əliyeva 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərədindən «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı almışdır. 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası  laboratoriyasının müdiri, 1982-1985-ci illərdə oftalmologiya kafedrasının müdiri  vəzifələrində çalışmışdır.

O, özünün insani xüsusiyyətləri, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə Əliyeva seçdiyi sənətin yorulmaz fədaisi idi. Oftalmoloq həkimlərin diplomdan sonrakı hazırlığı sahəsində iş onun fəaliyyətinin əsasını təşkil edirdi. O, uzun illər boyu Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutundakı göz xəstəlikləri kafedrasının dosenti, sonra isə professoru və müdiri vəzifələrində çalışaraq, öz sevimli atasının – respublika səhiyyəsinin görkəmli təşkilatçısının işini davam etdirmiş, oftalmoloji kadrların hazırlanmasını yüksək səviyyəyə qaldırmışdır. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əziz qızı  Əliyevanın dissertasiya işi  alim-oftalmoloqların yüksək qiymətini almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əziz qızı Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Geyd olunmalıdır ki, professor Zərifə Əziz qızı Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri,  12  monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Zərifə Əziz qızı Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan  Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik  oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Zərifə xanım Əliyeva həm də Ulu Öndərimiz Heydər Əliyevin  ömür-gün yoldaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. O, həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin unudulmaz şəxsiyyəti kimi hər birimizin qəlbində əbədi yaşayacaqdır.  

Keçidlər