Yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşları üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi ilə bağlı təlim keçirilmişdir.
“Azərbaycan Respublikası Prezidentinin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 19 may tarixli, 1685 nömrəli Fərmanının 9-cu bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər görmələri tapşırığı verilmişdir.
Həmin tapşırığın icrası olaraq “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində hüquq sahəsində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının əməkdaşları 2023-cü il 21-25 avqust tarixlərində təlimə dəvət olunmuş, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli, 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” tərəfindən 2023-cü il 21-25 avqust tarixlərində Bakı şəhərində 23 yerli icra hakimiyyəti orqanının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşları üçün hüquqi biliklərinin və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim təşkil edilmişdir.
Təlimdə normayaratma prosesində aktual problemlər, hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin hazırlanmasına dair ümumi tələblər və onun normayaratma texnikasına uyğunluğunun təmin edilməsi, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, yerli icra hakimiyyəti orqanının qərarlarının dərc edilməsinin, qüvvədə olmasının, şərh edilməsinin və sistemləşdirilməsinin xüsusiyyətləri, habelə normayaratma fəaliyyətindən irəli gələn digər məsələlər barədə ətraflı məlumat verilmişdir. Təlim zamanı qeyd olunan mövzular üzrə iştirakçılarla geniş müzakirələr aparılmış, həmçinin yerli icra hakimiyyəti orqanının qərar layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqlarının aşkar edilməsi üzrə praktik iş yerinə yetirilmişdir.
Təlimdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Əliyeva Minə Elxan qızı iştirak etmişdir.