Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında konfrans keçirib

13 oktyabr 2023 | 17:39

    Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı oktyabrın 13-də cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar konfrans keçirib. İlk olaraq, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Konfransı giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respblikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilməsi, "24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Daha sonra tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev vurğulayıb ki, xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci, 2013-cü və 2018 -ci illərdə prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı. Ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

     Laçın rayon 23 nömrəli tam orta məktəbin direktoru Sədaqət Məhərrəmova qeyd etdi ki, Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb.

     Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Tədbirin yekununda YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

 Sonra 100 ədəd həmişə yaşıl ağcacın Ağcabədi rayonu Taxtakörpü ərzisində əkilməsi aksiyası həyata keçrilib.

 Ağac əkmə aksiyasında Laçın Rayon İcra başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ƏPT sədirləri və YAP fəalları da iştirak etmişlər.

Keçidlər