YAP-ın yaranmasının 30 illiyi münasibətilə Laçın rayonunda ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib. Ulu Öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir.
Dövlət başçısının respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, həmçinin, Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibəti ilə Laçın rayonunda keçirilən silsilə tədbirlər sırasında ağacəkmə aksiyası da yer alıb.
11 noyabr 2022- ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində keçirilən ağacəkmə aksiyasında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, Yeni Azərbaycan Partiyasının çoxsaylı fəalları, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər. Aksiyanın keçirilməsində məqsəd ərazidəki yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlət başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə yaşıllaşan ölkəmizin istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ölkələri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək vermək olmuşdur.
Aksiyada müxtəlif növ olmaqla 200 ədəd ağac əkilmişdir. Ərazidə yaşılıqların genişləndirilməsi qəsəbə sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.