Xocalı soyqırımının otuz üçüncü ildönümü ərəfəsində laçınlı məktəblilər Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyində olmuşlar
18.02.2025-20.02.2025-ci il tarixlərində Laçın Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 1,6,10,28,34 nömrəli və Çıraqlı kənd tam orta məktəblərinin bir qrup müəllim və şagird kollektivi Memorial Soyqırım Muzeyini ziyarət ediblər.
Tarixə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən artıq 33 il ötür. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə ağır hərbi texnika yeritmiş, şəhərin silahsız mülki əhalisini xüsusi amansızlıq və qəddarlıqla kütləvi sürətdə qətlə yetirmişlər. Soyqırım nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 soydaşımız öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
Muzey, Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən bir nümunədir.
Dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımlar və terrordan ibarət olan muzeydə şagirdlər tarixən erməni silahlı dəstələrinin Azərbaycanda törətdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə tanış olmuşlar.
Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Muzeydə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır.
Həmçinin muzeydə şagrdlərə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında da dolğun məlumatlar verilmişdir.
Ekskursiyadan məmnun qalan iştirakçılar muzeyin gənclərin vətənpərvər ruhda tərbiyə olunması, düşmənə qarşı nifrət hisslərinin aşılanması istiqamətində böyük əhəmiyyətə malik olduğunu bildirmişlər.