Xocalı soyqırımı - tarixdə insanlığa qarşı törədilmiş ən qəddar qətliamdır.
Bu gün xalqımıza qarşı törədilmiş Xocalı faciəsindən 32 il ötür. İnsanlığa sığmayan qanlı faciənin növbəti ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində rayonun idarə, müəssisə, təşkilatlarında silsilə tədbirlər keçirilmiş, milli azadlıq ruhlu sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilmişdir.
2024-cü il 26 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq mühafizə orqanlarının və idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələri, qazilər və çoxsaylı rayon sakinlərinin iştirakı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Qəsəbə ərazisindəki “Şəhidlərin Xatirə Kompleksi” qarşısında keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları “Şəhidlərin Xatirə Kompleksi”ni ziyarət edərək abidənin önünə tər qərənfillər düzmüşlər.
Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama bir daha nəzər yetirilərək, erməni faşizmi tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu qəddar vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən qatı cinayət olduğu qeyd edilərək, bu dəhşətli faciəyə real qiymətin Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu missiyanın uğurla davam etdirilməklə faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir.
Anım tədbirində düşmən tapdağı altındakı torpaqlarımızın Yenilməz Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə Şanlı ordumuz tərəfindən 2020-ci il 27 sentyabrdan başlayaraq 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsindən, eləcədə 2-ci Qarabağ müharibəsinin yekunu olaraq 2023-cü ilin 19-20 sentyabr tarixində bir gündən az müddətə ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə dövlət suverenliyimizin təmin edilməklə dövlət bayrağımızın işğaldan azad edilmiş digər ərazilərimizlə yanaşı Xocalıda, Əsgəranda, Ağdərədə və Xankəndində qürurla dalğalanmasından iftixar hissi ilə danışılaraq Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin qisasının alınaraq, ruhlarının rahatlıq tapdığı qeyd olunmuşdur.