Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Artıq 34-cü ildir ki, Azərbaycan xalqı 26 fevral tarixini XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını ağır üzüntü hissi ilə yad edir.
İnsanlığa sığmayan qanlı faciənin növbəti ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində rayonun idarə, müəssisə, təşkilatlarında silsilə tədbirlər keçirilmiş, milli azadlıq ruhlu sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilmişdir.
Bununla yanaşı 2026-cı il 26 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələri, qazilər və çoxsaylı rayon sakinlərinin iştirakı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Qəsəbə ərazisindəki “Şəhidlərin Xatirə Kompleksi” qarşısında keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları və çoxsaylı qəsəbə sakinlərinin iştirakı ilə keçirilən mərasimdə “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq rayon rəhbərliyi tərəfindən abidənin önünə əklil qoyulmuş, ictimaiyyət nümayəndələri abidə önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama bir daha nəzər yetirilərək, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulduğu, 1 275 dinc sakinin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyi hələ də məlum olmadığı, 475 nəfərin şikəst, səkkiz ailənin bütünlüklə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi qeyd olunmuşdur.
Ümumən Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi məqsədli etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olmaqla təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən qatı cinayət olduğu bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, işğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, şəhər xarabalığa çevrilmişdir.
Xüsusilə qeyd olunmuşdur ki, bu amansız faciəyə real qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsi ildən-ilə artaraq faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir. .
Tədbirdə, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Yenilməz Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. Artıq xocalılar “Böyük Qayıdış”planına uyğun olaraq ata-baba yurdlarına sevinc və minnətdarlıq hissi ilə qayıdırlar. Cari ilin hazırki dövrünə kimi Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3 602 nəfər köçürülmüş, məskunlaşma uğurla davam etməkdədir.
Mərasimdə dövlət suverenliyimizin təmin edilməklə ərzilərimizin işğaldan azad edilməsindən iftixar hissi ilə danışılaraq Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin qisasının alınaraq, ruhlarının rahatlıq tapdığı qeyd olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət etsin!






