Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında rolu mövzusunda dəyirmi masa keçirilmişdir
2023-cü il 23 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında rolu mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixində qanlı hadisənin baş verdiyini qeyd etmiş, bildirmişdir ki, erməni caniləri əli silahsız əhaliyə qarşı qəddarlıqla, vəhşiliklə soyqırımı aktı həyata keçiriblər. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, insanlığa qarşı bir cinayətdir. Bu faciə nəticəsində 613 nəfər həyatını itirmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir düşüb, onlarla ailə başsız qalmışdır.
Dəyirmi masada çıxış edənlər hadisə ilə bağlı acı xatirələrini iştirakçılarla bölüşüblər. O, qanlı olayın illər keçməsinə baxmayaraq, yadaşlara əbədi hopduğunu, qətliamının əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilməsindən bəhs edərkən yerli əhalinin tərksilah edilməsini xüsusilə günahsız xalqı qırmaqla yanaşı, cəsədlərin təhqir olunmasını vurğulamışdır.
Artıq Xocalı soyqırımından 31 ilə yaxın bir dövr ötsədə, onun ağrı-acıları qəlbimizdə yaşayır. Ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcəkdir. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələri ilə bir sırada durur. Aylarla mühasirədə saxlanılan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edildi. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu. Xocalı faciəsi təkcə xocalılılara qarşı deyil, türk dünyasına, bütün insanlığa qarşı dəhşətli cinayətdir. Bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların verilməsi çox önəmlidir. Ölkə başçısı cənab İlham Əliyevin Xocalı faciəsinin əsl mahiyyəti və erməni terrorizminin acı nəticələri ilə bağlı beynəlxalq aləmdə apardığı ədalətli siyasət , həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən məqsədyönlü işlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və heç bir zaman unutmayacaqdır.
Ulu öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımının dünya ictimaiyyətinə və dünya dövlətlərinə tanıdılması istiqamətində imzalanmış mühüm dövlət sənədləri tarixin həqiqətlərini açmış və bu faciənin gerçək həqiqətlərinin tarixi sübutlardır.
Dəyirmi masada çıxış edənlər qanlı Xocalı hadisələrinin Azərbaycanın Respublikasının ərazi bütövlüyünün qorunmasında, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqmızın qəhrəmanlığının, cəsarətinin, milli birliyinin təcəssümü kimi daima xatırlanacağanı bildirmişlər.