Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır

12 dekabr 2022 | 12:42

      12 dekabr 2003-cü il tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər  Heydər Əliyevin anım günü kimi hər il ehtiramla yad olunur.
 Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
      1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması təhsilini başa çatdırmağa imkan verməmişdir.
Ulu öndər Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.
1944-cü ilin may ayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarında işə göndərilən ulu öndər Heydər Əliyev 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirən ulu öndər Heydər Əliyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.
1966-cı ildə Moskvada DTK-nın F.E.Djerzinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirən Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general-mayor rütbəsi verilmişdir.
   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsində, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
 1990-cı ilin yanvar hadisələrindən sonra  Bakıya qayıdan Heydər Əliyev  Naxçıvana gedərək,  1991-ci il sentyabrın 3-də  Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
Ulu öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.  1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi  təhlükəsi yarandığı zaman, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.                                         Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
          Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Heydər Əliyevin dövlət qarşısındakı xidmətləri Azərbaycan tarixinin Şanlı səhifələrini təşkil edir. Dövlətin mənafeyini təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanın memarıdır. Heydər Əliyev dövrü Azərbaycan tarixinin bütöv bir epoxasını təşkil edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyinin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.  Məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verildi. 
Hələ sovetlər birliyi dönəmində Heydər Əliyev tərəfindən böyük cəsarət və uzaqgörənliklə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım oldu.
Azərbaycanın milli mənafelərini qorumağa qadir olan silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs elan edildi. “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız Qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev şəxsiyyətinin xidmətləri Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi əbədi və dönməz etdi.


Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Heydər Əliyevin  siyasi kursunun layiqli davamçısı  cənab İlham Əliyevin  məğrur və əzmkar fəaliyyəti ilə  ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan,  tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan  Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan cənab İlham Əliyevin rəhbərli ilə  2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən zəfər yürüşü Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi  düşmən tapdağından azad edərək  Ulu Öndərin vəsiyyətini  həyata keçirdi.        
          Bu Qələbənin  təməlində isə  ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab  İlham Əliyevin iqtisadi yüksəlişə  yönəlmiş dövlətçilik məfkurəsi,  sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
         Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.  Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyev idi.
         Həmişə olduğu kimi bu gündə  bütün xalqımızla yanaşı Laçın rayon sakinləri də unudulmaz ümummilli Lider  Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirlər.

Keçidlər