Ulu Öndər Heydər Əliyevin Laçın rayonu haqqında söylədiyi dəyərli fikirləri onun laçınlılara olan böyük hörmətinin təzahürüdür.
Müasir və qüdrətli Azərbaycan Respublikasının memarı, Ümummili Lider Heydər Əliyev həm SSRİ, həm də müstəqillik illərindəki siyasi fəaliyyəti dövründə Laçın rayonuna xüsusi diqqət və qayğı göstərmiş, Laçın rayonunun ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb etdiyini hər zaman vurğulamışdır. Hələ 1974-cü ildə onun təşəbbüsü ilə Laçın rayonu ilə bağlı mühüm qərarlar qəbul edilmiş, Laçında təhsil, səhiyyə,sosial-iqtisadi inkişaf və infrastruktur layihələri uğurla icra olunmuşdur.
Ulu Öndər Laçın rayonunun Ermənistan tərəfindən işğalından sonra da hər zaman laçınlı məcburi köçkünlərin yanında olmuş, onların qayğıları və çətinlikləri ilə maraqlanmışdır. Laçının işğalını Azərbaycan xalqı üçün böyük faicə adlandıran Ümumilli Lider 1996-cı il may ayının 6-da Laçın və Şuşa sakinləri ilə görüşü zamanı Laçın rayonun Azərbaycan üçün yüksək strateji əhəmiyyətini bir daha diqqətə çatdıraraq laçınlı məcburi köçkünlərin öz torpaqlarına qayıdacaqlarını, onların hüquqlarının bərpasını əminliklə vurğulamışdır. “Laçın rayonu Azərbaycanın çox gözəl guşələrindən biridir. Gözəl təbiəti, gözəl insanları, 60 minə yaxın azərbaycanlı yaşayıb orada. Laçınlılar alimlərdir, şairlərdir, ziyalılardır. Laçın rayonundan görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxmışdır. Ona görə də Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Ulu Öndərin həmin görüş zamanı söylədiyi bu dəyərli fikirlər onun Laçına və laçınlılara olan böyük hörmət və sevgisinin mühüm təzahürüdür.
Bəli, uzaqgörən şəxsiyyət Ulu Öndər hər zaman olduğu kimi , yenə öz hisslərində yanılmadı. O tarixi günlər və şanlı Zəfər bizlərə nəsib oldu. Bu gün laçınlılar öz doğma yurdlarında azad və firavan yaşayırlar. Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyev irsinin layiqlı davamçısı , Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi və hərbi peşəkarlığı, qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində bu gün ölkəmiz bütöv və suveren Azərbaycandır. 44 günlük Vətən müharibəsindəki Qələbə nəticəsində işğal altında olan doğma torpaqlarımız öz sakinlərinə qovuşdu və bu gün 30 ildən artıq yurd həsrəti ilə yaşayan vətəndaşlarımız ata-baba torpaqlarına döndükləri üçün böyük fəxarət və sevinc içərisindədir.
Doğrudan da, Ulu Öndərin əsasını qoyduğu “Qarabağsız Azərbaycan ola bilməz “ fəlsəfəsi ilə bu gün işğaldan azad olunann hər bir rayonumuz kimi, Laçın rayonunda da böyük tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Dövlət başçısı, cənab İlham Əliyevin Laçın rayonuna etdiyi mühüm səfərlər və göstərdiyi yüksək diqqət və qayğı sayəsində Laçın Şəhəri, eləcə də Sus, Zabux və Bəylik kəndləri bu gün öz doğma sakinlərinə qucaq açmışdır.
Hər zaman Ümumilli Lider Heydər Əliyev irsinə, dövlətə, dövlətçiliyə xüsusi hörmət və ehtiramı olan , qəlblərində Ulu Öndərin sonsuz sevgisi yaşayan laçınlılar bu gün öz doğma torpaqlarında qürurla, mərdliklə və böyük ruh yüksəkliyi ilə ömür sürür. Əvəzolunmaz şəxsiyyət, dahi insan, ömrünü yalnız Azərbaycana və azərbaycançılığa həsr etmiş Heydər Əliyevin ölməz xatirəsi bütün Azərbaycan xalqının, o cümlədən laçınlıların qəlbində əbədi yaşayacaqdır.






