Tarixin acı xatirəsi 18 May Laçının işğalı günü olasada möhtəşəm və əbədi Zəfərin təməli oldu.
Azərbaycan xalqının tarixində faciəli günlərdən biri də 1992-ci il mayın 18-dir. Bu gün, Vətənimizin gözəl guşələrindən biri olan Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür. Laçının işğalı yalnız bir rayonun itirilməsi deyil, həm də insanın doğma yurd-yuvasından didərgin salınması, illərlə həsrət çəkəcəkləri torpaqlardan ayrılması demək idi.
Laçın rayonu ərazisidə Dağlıq Qarabağı Ermənistanla birləşdirən əsas yolun mövcudluğu və bu səbəbdən də nəzarət üçün hərbi və siyasi cəhətdən boyük önəm təşkil edirdi. Laçın, təkcə coğrafi baxımdan deyil, strateji təhlükəyə görə də Qarabağ bölgəsinin taleyində mühüm rol oynayırdı. Rayonun işğalı nəticəsində yüzlərlə insan qəhramancasına şəhid oldu, amansızlıqla ata baba yurdundan çıxarılan minlərlə laçınlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Uşaqlar öz uşaq illərini, qocalar ömürlərinin son baharını, ailələr isə doğma ocaqlarını itirdilər. Dağlar, dərələr, bulaqlar, kəndlər - bir sözlə, təbiətin təbiəti və insanların hissiyatı düşmənin tapdağı altına düşdü.
Bu işğal Azərbaycan xalqının yaddaşında dərin və sağalmaz yaralar buraxdı. Laçın təkcə torpaq deyildi - orada tariximiz, mədəniyyətimiz, keçmişimiz, kimliyimiz vardı. Hər daşında, hər qayasında bir tarix, bir həyat yaşayırdı. Bu torpaqlar yerdə coğrafi məkan deyildi, o, millətin ruhu idi.
Amma laçınlılar heç vaxt bu ədalətsizliyi unutmadı, bu torpaqların bir gün azad olunacağına qəti inanaraq yaşadılar. Bu inam isə, xalqımızın əzmi, dövlətimizin siyasi iradəsi və ordumuzun gücü sayəsində əbədi gerçəyə çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli yenilməzliyi ilə xalq-dövlət-ordu birliyi bu haqq savaşının Möhtəşəm Zəfərlə nəticələnməsində həlledici rol oynadı.
Laçın da bu şanlı zəfərin bir parçası oldu. 2020-ci ilin 1 dekabrında Laçın rayonu 28 illik həsrətdən sonra işğaldan azad edilərək yenidən Azərbaycan bayrağına büründü. Bu tarixi hadisə ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqının birliyi və müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində mümkün oldu. Heç bir güc xalqımızın iradəsini qıra bilmədi. Laçın uğrunda döyüşən əsgərlərimiz, canını Vətən yolunda fəda edən şəhidlərimiz xalqımızın tarixində əbədi qəhrəmanlara çevrildi.
Bu gün Laçın yenidən qurulur, yenidən dirçəlir. Köçkün soydaşlarımız doğma ocaqlarına qayıdır, həyat bərpa olunur. Bu, həm də Azərbaycanın əzmini, dirənişini və öz torpaqlarına əsil sahib olduğunu bütün dünyaya göstərir.
18 may - Laçının işğalı günü bizim üçün təkcə acı xatirə deyil, həm də milli birliyin, mübarizliyin və Zəfərin rəmzidir. Bu gün biz həm şəhidlərimizi anır, həm də onların uğrunda can verdiyi müqəddəs torpaqların azad olduğunu qururla qeyd edirik.
Çünki bu xalq heç vaxt əsarətə razı olmadı. Çünki bu xalqın yenilməz Prezidenti sarsılmaz liderlik məharətini göstərdi. Çünki düşmən və onun havadarları bu haqq savaşında ordumuzun süngüsünün qarşısını kəsə biləcək heç bir gücə sahib deyildi.Çünki bu tarix həm də bizə bir gerçəyi xatırlatdı: torpaq əgər uğrunda ölən varsa Vətəndir.
Çünki hər bir kəndimiz, hər bir şəhərimiz azad olunduqca səslənən "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" ifadəsi hər birimizin qəlbinə əbədi qürur və sevinc hissi bəxş etdi.