Sudan səmərəli istifadə edək!
Dünyada iqlim dəyişikliyi nəticəsində havanın orta temperaturu artır, buxarlanma çoxalır, yağıntıların miqdarı azalır, ona görə də təbii olaraq su ehtiyatları da azalır.
İlk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar. Çünki, Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin, bunun yalnız 2,5 %-i içməli sudur. Çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür. Digər tərəfdən əhalinin sürətli artımı, həyat səviyyəsinin yüksəlməsi suya olan tələbatı artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artmışdır.
Azərbaycan dünyada su ehtiyyatları az olan ölkələrdən biridir. Cənubi Qafqazın ümumi su ehtiyyatlarının cəmi 10-15 %-i ölkəmizin payına düşür. Yerüstü su ehtiyyatlarımızın böyük bir hissəsi transsərhəd çaylar hesabına yaranır və şirin su ehtiyyatımızın 70-72 %-i ölkə hüdudlarından kənarda formalaşır. Ölkə ərazisində mövcud olan 700-ə yaxın gölün 450-si yay aylarında quruyur. Əhalinin içməli su ilə təminatı çətinləşir.
Azərbaycan Respublikasının Su Məcəlləsi, Su təchizatı və tullantı suları haqqında Qanun, Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul olunmuş, sudan istifadəyə dair normativ hüquqi aktlar hazırlanmışdır. Ölkə ərazisində sudan səmərəli istifadənin təmin olunması üçün müasir texnalogiyaların tətbiqi, az su sərfiyyatı ilə işləyən avadanlıqların quraşdırılması, suyun təkrar emalının təşkili istiqamətində tədbirlər görülür. Sudan qənaətlə istifadə edilməsinə nail olmaq üçün müxtəlif təşkilatlar, ictimai birliklər və yerli İcra hakimiyyəti orqanları maarifləndirmə tədbirləri təşkil edir.
Biz sudan istifadə mədəniyyətimizin formalaşmasına nail olmalı, təbiətin bizə bəxş etdiyi gözəl nemət olan sudan qənaətlə istifadə etməli, su itkilərinə, su hövzələrinin çirklənməsinə yol verməməliyik. Suyun hər damlasında həyat, ruzi bərəkət var onu qorumaq və ehtiyacımız qədər istifadə etmək hər birimizin borcudur.