Şəhid Quliyev Camal Möhübbət oğlunun nəşi 31 ildən sonra Laçın şəhərində torpağa tapşırılmışdır.
Birinci Qarabağ müharibəsində erməni quldur dəstələrinə qarşı döyüşlərdə şəhid olmuş, 31 ildən sonra nəşi Cəbrayıl rayonu ərazisində tapılmış və şəxsiyyəti müəyyənləşdirilmiş Laçın rayonunun Çorman kənd sakini şəhid Quliyev Camal Möhübbət oğlunun Laçın rayonunda dəfn mərasimi keçirilmişdir.
Dəfn mərasimindən əvvəl Şəki rayonunun Cumakənd kəndində rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Şəki Şəhər və Laçın Rayon İcra Hakimiyyətlərinin rəsmilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi təşkil edilmişdir. Vida mərasimindən sonra şəhidin nəşi Laçın şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilmişdir. Dəfn mərasimində Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, çoxsaylı rayon sakinləri, şəhid ailə üzvləri iştirak etmiş, ruhuna dualar oxunaraq məzarı üstünə tər qərənfillər düzülmüşdür.
1969-cu ildə Laçın rayonunun Şamkənd kənd ərazi dairəsinin Çorman kəndində doğulmuş Camal Quliyev 1976-1986-cı illərdə Şamkənd kənd orta məktəbində təhsil almış, 1988-1990-cı illərdə hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Çorman kənd klubunda əmək fəaliyyətinə başlayan Camal Quliyev 1993-cü ildə Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinə qoşularaq torpaqlarımızın müdafiəsi uğrunda fəal mübarizə aparmışdır. 1993-cü ilin yanvarında Cəbrayıl rayonu ərazisində erməni quldur dəstələrinə qarşı döyüşlərdə şəhid olmuş Camal Quliyevin cəsədi onun döyüş yoldaşları tərəfindən nişanəsiz yerdə dəfn edilmişdir. Vətən müharibəsindən sonra onun nəşi həmin ərazidə aşkar edilərək dəfn olunması üçün yaxın qohumlarına təhvil verilmişdir.
Allah rəhmət etsin!