“Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində laçınlı məktəblilərlə tədbir keçirilmişdir
1 dekabr 2025-ci il tarixində Laçın Ryon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Çıraqlı kənd tam orta məktəbində “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində laçınlı məktəblilərlə tədbir keçirilmişdir. “Qızlara kitab verək, həyat yükü yox” mövzusu üzrə keçirilən tədbirin məqsədi qızların qərarvermədə iştirakı, ailə və cəmiyyət münasibətlərində bərabərlik, erkən nikahın fəsadları və sağlam həyat tərzi haqqında müzakirələrin aparılması olmuşdur. Laçın rayon Çıraqlı tam orta məktəbin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə, Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri üçün 2025-ci il üzrə Tədbirlər Planına uyğun olaraq təşkil olunmuşdur. Tədbirdə Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı Nazilə Abbasova, Çıraqlı kənd tam orta məktəbinin direktoru Elnarə Vəliyeva, direktor müavini Gülnar Şirəliyeva, məktəbin psixoloqu, Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə qızları təmsil edən regional nümayəndəsi Fəridə Həsənova və Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə könüllü fəalları Nuray Kərimli, Fatimə Abdullayeva və məktəbli fəal qızlar iştirak etmişdir.
Tədbir zamanı Fəridə Həsənova “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində təqdimatla çıxış etmiş, iştirakçılara layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat vermişdir. Təqdimatdan sonra məktəbli qızlarla fikir mübadiləsi aparılmış, erkən nikahın fəsadları, sağlam həyat tərzi kimi mövzularda müzakirələr təşkil olunmuşdur.
Tədbirdə Nazilə Abbasova çıxış edərək ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu vurğulamış, bu gündə bu siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusilə qeyd olunaraq, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatda rolunun artırılması istiqamətində həyata keçirilən siyasət barədə iştirakçılara məlumat vermişdir. O, həmçinin bu sahədə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin qadınlara örnək olduğunu qeyd etmişdir.
Tədbirdə rayonun Çıraqlı kənd tam orta məktəbinin direktoru Elnarə Vəliyeva çıxış edərək cəmiyyətdə təhsilli qadınların rolu və erkən nikahın fəsadları barədə çıxış etmiş, iştirakçıları geniş şəkildə məlumatlandırmışdır.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış, məktəbli qızlar müzakirələrdə fəal iştirak etmiş və fikirlərini səsləndirmişlər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, 8 fəal qız seçilmiş və layihə çərçivəsində qızların maarifləndirilməsi və qərarvermə prosesinə cəlb olunması istiqamətində fikir mübadiləsi aparılmışdır.






