Ölkəmizin qabaqcıl barama istehsalçılarının nailiyyətlərinin təşviqi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev qeyd etmişdir ki, 2022-ci ildə ölkəmizdə kümçülər tərəfindən tədarük məntəqələrinə 253 ton 932 kiloqram yaş barama təhvil verilmişdir. O, bildirmişdir ki, ən çox barama tədarükü Zərdab rayonunda aparılmışdır. Zərdab kümçüləri tədarük məntəqələrinə 57 ton 322 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (29 ton 597 kq), Balakən (26 ton 578 kq), Bərdə (16 ton 242 kq), Füzuli (11 ton 425 kq), Şəki (10 ton 724 kq), Zaqatala (10 ton 465 kq), Kürdəmir (9 ton 832 kq) və Ağdam (8 ton 31 kq), rayonları öndə gedir. İyunun 13-də respublika üzrə tədarük məntəqələrinə 21 ton 811 kiloqram yaş barama təhvil verilib. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. 2020-ci ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipək qurdu toxumu paylanılmışdır. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır. Bu sahədə yerlərdə qabaqcıl barama istehsalçılarının nailiyyətləri geniş təşviq edilməlidir.
Tədbirdə iştirak edən Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri ölkəmizin qabaqcıl barama istehsalçılarının nailiyyətlərindən danışmış, onların nailiyyətlərinin yerlərdə təşviq olunması işlərini təşkil etdiklərini və yerlərdə kəndlilər və fermerlər arasında belə təşviqat işlərini mütəmadi davam etdirəcəklərini bildirmişlər.