Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı cənab İlham Əliyevin ad günü laçınlılar tərəfindən həmişə ən əziz bir gün kimi qeyd edilir.

24 dekabr 2023 | 11:10

     İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olaraq, ali təhsilini müvəffəqiyyətlə başa vurmuş, elmi fəaliyyətini institutun aspiranturasında davam etdirmişdir. 1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi almış və 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna müəllim işləmişdir. O, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışmışdır. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilmişdir. O,  2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş və oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dahi Heydər Əliyevin ləyaqətli davamçısı olan İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən Prezident seçkilərində də növbəti dəfə qələbə qazanmışdır. 2018-ci ildə keçirilən Prezident seçkilərində xalqımız bir daha Azərbaycanı çiçəkli gələcəyə aparan Liderinə dəstək olmuş və cənab İlham Əliyev bir daha Azərbaycan Respublikasının Prezidenti seçilimişdir. Cənab İlham Əliyev həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. O, Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı var.

           Həmişə olduğu kimi bu gün də hər bir laçınlı 24 dekabr 2011-ci il tarixdə ölkə başçısı cənab İlham Əliyev Qarabağ torpağında ən yaxın silahdaşı və xalqımızın sevimlisi Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə, bizi öz ailə üzvləri kimi dəyərləndirərək 50 illik yubileyini laçınlılarla birlikdə qeyd etməsini ən əziz gün kimi xatırlayırlar. Bütün laçınlılar ölkə başçısı cənab İlham Əliyevin ətrafınızda sıx birləşməklə ölkəmizin inkişafı və çiçəklənməsi naminə gördüyü işləri ürəkdən bəyənir, ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməsindən qürur duyurlar.

          Tariximizə möhtəşəm quruculuq illəri kimi düşən son 20 ildə bacarıqlı dövlət başçısı kimi cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız əsrə bərabər inkişaf yolu keçərək ölkəmizə gələn hər kəsi heyran edir. Ali Baş Komandan olaraq cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər rəşadətli Ordumuzun  tarixi nailiyyəti oldu. 30 ildən çox davam edən bu münaqişəyə  ölkə başçısı cənab İlham Əliyevin cəsarəti və bənzəri olmayan müdrik  rəhbərliyi ilə  həmişəlik son qoyuldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev İşğaldan azad edilmiş bütün ərazilərlə yanaşı Qarabağın tacı olan Şuşada və Xankəndində Azərbaycanın üç rəngli bayrağını ucaltmaqla Qarabağın əzəli sahibinin Azərbaycan xalqı olduğunu bütün dünyaya göstərərək  xalqımıza əbədi qələbə sevinci bəxş etdi. Onun rəhbərliyi ilə Müzəffər Ordumuzun döyüş meydanında sücaəti, Azərbaycanın timsalında Türkün gücünü  nümayiş etdirməklə  Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” qardaşlıq amalını daha da möhkəmləndirdi.

        Bu tarixi Zəfər dövlətimizin iqtisadi-siyasi, hərbi qüdrətinin və haqq  işi uğrunda mübarizəsinin əyani təzahürü olmaqla,  nəinki erməni separatçılarına, eləcədə onların havdarlarına ən tutarlı cavab oldu. Hər bir laçınlı bizlərə yaşatdığı sonsuz Qələbə sevincinə görə məhz ölkə başçısı olaraq cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Laçınlılar qəti əmindirlər ki, əvəzolunmaz  Prezidentimiz olan cənab İlham Əliyevin  qətiyyəti, diplomatik bacarığı sayəsində  dövlətimiz bundan sonrada  neçə-neçə uğura imza atacaqdır. Tarixi qələbədən dərhal sonra ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri ərazilərdə aparılan yenidənqurma  və bərpa işlərini daha da sürətləndirmiş, bunun sayəsində 2023-cü ilin 28 may tarixindən başlayaraq yüzlərlə laçınlı ailəsi 30 illik həsrətdən sonra sevinc və minnətdarlıq hissi ilə ata-baba yurdlarına  qayıtmışdır.

        Sevincli anlar yaşadığımız bu  günlərdə cənab İlham Əliyevin rəhbərliyi ilə  Xankəndi stadionunda  aparılmış bərpa və quruculuq işlərindən sonra açılış edilərək rəmzi futbol yarışının  keçirilməsi xalqımızı bir daha qürurlandırdı, Azərbaycan gəncliyinə yeni ruh verdi. Hər zaman olduğu kimi laçınlılar bu gün də  cənab İlham Əliyev kimi dövlət başçımızın olmasından qürur duyur,  özlərini çox xoşbəxt hesab edirlər. Laçınlılar qəti əmindirlər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə  Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanlarda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdaraq möhtəşəm quruculuq işlərinin iştirakçıları olacaqlar.

        Laçın Rayon İcra Hakimiyyətinin kollektivi və bütün laçınlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, şərəfli fəaliyyətində uğurlar arzulayırlar!

 

Keçidlər