Nurməmməd Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif və dini etiqad naziri olmuşdur
Nurməmməd Adilxan oğlu Şahsuvarov 1883-cü ildə indiki Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində alan Nurməmməd Şahsuvarov 1889-1903-cü illərdə isə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxumuşdur. Həmin Seminariyada təhsilini bitirdikdən sonra Nurməmməd Şahsuvarov bir müddət Gəncədə rus dili müəllimi işləmiş, sonra isə Tiflisdəki Aleksandr Müəllimlər İnstitutuna daxil olaraq 1912-ci ildə həmin təhsil müəssisəsini də uğurla bitirmişdir. Elə həmin ildə Nurməmməd Şahsuvarov Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1915-ci ildə universiteti ekstern yolu ilə bitirmişdir.
Təhsil aldıqdan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunmuşdur. 11 may 1918-ci il tarixində Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyini elan etdikdən sonra isə Nurməmməd Şahsuvarov həmin respublikada əvvəlcə xalq maarifi nazirinin müavini sonra isə xalq maarifi naziri işləmişdir. 1919-cu ilin mayında Dağlılar Respublikasının işğal edilməsindən sonra Bakıya gələn Nurməmməd Şahsuvarov burada İttihad Partiyası sıralarına qoşularaq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətin fəal qurucularından olan Nurməmməd Şahsuvarov, Cümhuriyyət tarixinə I və II Nəsib bəy Yusifbəyli hökuməti kimi düşən 14 mart 1919-cu il tarixində qurulan hökumətdə Əhrar Partiyası üzvü olaraq maarif və dini etiqad naziri Rəşid xan Qaplanovun müavini vəzifəsinə təyinat almışdır. Qeyd olunmalıdır ki, Nurməmməd Şahsuvarov Rəşid xan Qaplanovla Dağlılar Respublikasında I Kotsev və II Kotsev hökumətlərində birgə fəaliyyət göstərmişdir. Həmin hökumətlərdə Qaplanov daxili işlər naziri, Şahsuvarov isə xalq maarifi naziri vəzifəsini tutmuşdur.
22 dekabr 1919-cu il tarixində I Yusifbəyli hökumətinin istefasından sonra qurulan II Yusifbəyli hökumətində ilk dəfə İttihad Partiyası da koalisiya hökumətinə daxil oldu. Hökumətdə maarif və dini etiqad naziri postu İttihad üzvü Həmid bəy Şahtaxtinskiyə həvalə olundu. Nurməmməd Şahsuvarov isə onun müavini təyin olunmuşdur. Lakin 5 mart 1920-ci ildə müəyyən səbəblərdən Həmid bəy Şahtaxtinski nazir vəzifəsindən istefa verdiyindən onun əvəzinə İttihad Partiyası Nurməmməd Şahsuvarovun namizədliyini irəli sürdü. Beləliklə, həmin gün Nurməmməd Şahsuvarov maarif və dini etiqad naziri təyin olundu.
Nazir olduğu müddətdə Nurməmməd Şahsuvarov Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkilində yaxından iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.
Sovet dövründə o, Bakıda Pedaqoji, S.Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs demiş, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləmişdir.
1937-1938-ci illərin qatı repressiyasına məruz qalan Nurməmməd Şahsuvarov 3 mart 1938-ci ildə həbs edilərək 1940-cı ilin fevralında "millətçi antisovet, qiyamçı təşkilatlarda iştirakına görə" adı ilə 5 il müddətinə Kranoyarsk diyarına sürgün edilmişdir.
1943-cü ildə sürgün müddəti bitəndən sonra Bakıya qayıdan Nurməmməd Şahsuvarov, 1946-cı ildən 1958-ci ilədək Azərbaycan Tibb İnstitutunda və Azərbaycan Dövlət Neft Akademiyasında Rus dili kafedrasının professoru olaraq çalışmışdır. Bu dövrdə o, həmçinin Azərbaycan Tibb İnstitutunun Rus dili kafedrasının müdiri olmuşdur. Nurməmməd Şahsuvarov 1958-ci ilin avqustun 11-də Bakıda vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn edilmişdir