NARKOMANİYA İLƏ MÜBARIZƏ
Hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunanmaqdadır. Belə ki, hesabat dövründə daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirmiş, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl ərzində hər bir təcrübəli narkotik istifadəçisi orta hesabla 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Bu, həm narkotik istifadəçisinin şəxsiyyət deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Dünyada getdikcə daha da intensivləşən iqtisadi inteqrasiya, ticarət və geniş həcmli yükdaşımaların təşkili üçün ölkələr arasında nəqliyyat əlaqələrinin genişlənməsi dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini durmadan artırırlar. Buna görə də indi dünyada, o cümlədən Azərbaycan Respublikasında narkotizmlə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranmış və formalaşmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin icrası nəticəsində ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması və bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə eyni zamanda ölkəmizin regionda sosial və təhlükəsizlik siyasətinin prioritetlərindən olmuşdur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilirdi. İşğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin yeni silahların alınması, terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi təhlükənin miqyasını daha da artırırdı. Prezident İlham Əliyevin düşünülmüş və uğurlu xarici siyasəti nəticəsində İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Qarabağ münaqişəsinin ədalətli həll olunması başlıca hadisə kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu. Azərbaycan güc yolu ilə işğal olunmuş ərazilərimizi azad etməklə tarixi hüquqi ədaləti bərpa etdi. Eyni zamanda İranla dövlət sərhədinin on illərdir düşmən nəzarətində olan 132 kilometrlik hissəsinin tamamən sərhədçilərimizin nəzarətinə keçdi və bu müzəffər Azərbaycan ordusunun əldə etdiyi daha bir strateji qələbədir və şübhəsiz ki, bu da olduqca mühüm hərbi, iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır. Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.
Beləliklə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nda icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.
Laçın Rayon Prokurorluğu.