Müstəqilliyimiz, əbədidir, dönməzdir, sarsılmazdır! HEYDƏR ƏLİYEV
Müstəqillik və istiqlaliyyət tariximizin ən şərəfli və qürurlu səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq yolundakı dönməz mübarizələrindən doğan zəfərin təntənəsi idi. 1918-ci il may ayının 28-də qəbul edilən İstiqlal Bəyannaməsi müstəqillik yolunda atılan ən mühüm hadisə oldu. Azad və demokratik respublika yaratmağı qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq xalqımızın milli kimlik ruhunu özünə qaytardı və onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə hesablanmışdı. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etmişdir. Bununla Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə də Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz bu çətin və əzablı günləri geridə qoyaraq sabit və dayanıqlı inkişaf yoluna qədəm qoymuşdur. Ümummili Lider Heydər Əliyevin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” Ulu Öndərin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının təməli qoyulmuşdur.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqillik və suverenlik siyasəti onun memarı olduğu qüdrətli Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Cənab Prezidentin müdrik və peşəkar siyasi fəaliyyətinin nəticəsidir ki, bu gün ölkəmiz qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Həmçinin 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili “ elan olunmuş və bu münasibətlə ölkəmizdə böyük və silsilə tədbirlər təşkil olunmuşdur. 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında “ Azərbaycan Respublikasının Qanunuu qəbul edildi və bu Qanunla 28 May Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit edilmişdir. Bu bir daha onu göstərir ki, ölkəmizin azadlığı və müstəqilliyinin təməli məhz 1918-ci ildə qurulmuş və Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan dövlətinin varisidir.
Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza atdı və uzun müddət işğal altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir və bu qələbə sayəsində ölkəmiz bütün dünyaya səs salaraq bütöv, azad və suveren Azərbaycan kimi hazırda regionun ən yüksək inkişafa sahib ölkəsi statusuna malikdir. Bu gün müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan Respublikasının yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək ictimai-siyasi fəaliyyəti əminliklə söyləməyə əsas verir ki, yaxın gələcəkdə suveren ölkəmizin nüfuzu və şöhrəti daha böyük zirvələri fəth edəcəkdir.






