Monitorinq qrupunun növbəti iclası keçirilmişdir
20 fevral 2024-cü il tarixində Laçın rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. İclasda Laçın Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Laçın rayonu üzrə təhsil sektorunun məsul əməkdaşları iştirak etmişlər.
İclası Monitorinq qrupunun katibi Nuranə Alışanova açaraq ölkəmizdə qadın hüquqlarının qorunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təmin olunması istiqamətində olan qanunvericilik bazasının yaradılmasından söz açaraq, rayonda 2023-cü ildə görülən işlər haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmiş və yerli icra hakimiyyəti orqanlarında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları” yaradılmışdır. Monitorinq qrupu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və digər aidiyyəti qurumlarla müntəzəm əlaqə saxlayaraq, rayonun təhsil müəssisələrində görüşlər təşkil edir Gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının yaranma səbəbləri və onunla mübarizə mövzularında marrifləndirici tədbirlər təşkil edir.
İclasda Monitorinq qrupunun tərkibinə yenidən baxılmış, 2024-cü il üçün iş planı müzakirə edilmişdir. İclas diskusiya formasında davam etdirilmiş risk qrupuna aid olan ailələrin müəyyən edilməsi,zorakılıq hallarının yaranma səbəbləri, erkən nigah hallarının olması əsas müzakirə mövzusu olmuşdur. Zorakılıq hallarına yol açan əsas səbəblər əhalinin xüsusi ilə gənclərin hüquq və vəzifələri haqqında az biliyə malik olması, narkomaniya və digər pis vərdişlərin qurbanlarının sayının çoxalması olduğu vurğulanmışdır.
Bununla yanaşı iclasda, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün maarifləndirmə işinin mütəmadi və geniş auditoriyalarda aparılması, zorakılığa məruz qalmış şəxslərin vaxtında aşkar edilməsi üçün aidiyyatı təşkilatlarta əlaqəli işin təşkili, riskli ailələrin müəyyən edilməsi və nəzarətdə saxıanması, təhsildən yayınma hallarının aradan qaldırılması və bu sahədə qəbul olunmuş Qanun və normativ hüquqi aktlara uyğun tədbirlər görülməsi qarşıya qoyulmuş əsaas vəzifələrdən hesab edilmişdir.