Şriftin ölçüsü :

Saytın rəngi :

Milyonların qəlbində əbədi yaşayan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyini laçınlılar ehtiramla qeyd etmişlər

10 may 2024 | 15:01

Anadan olmasının 101-ci  ildönümünü dərin ehtiram  hissi ilə  qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır.

          Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tari­xi şəxsiyyətləri var. Azərbaycan xalqı da xoşbəxtdir ona görə ki, dünya  dahilərinin  sırasına yüksəlmiş Heydər Əliyev kimi Ümummilli lider var.

          Ümumən bəşər tarixində hər hansı bir şəxsiyyətin öz dövlətinin timsa­lına çevrilməsi nadir hadisədir. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevdir olmuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə misilsiz xidmətləri göstərmiş ulu öndər  Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir.  Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

          Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xal­qına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyərək vurğulamasıdır.

     XX yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikin­ci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamam­lanıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

       1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü  Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyaraq  yenidən dirçəliş mərhələsinə daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillərdir.

Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev bu yolda qəti addımlar ataraq  özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurdu. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qa­zanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək ölkə Prezidenti cənab İlham Əliyev kimi davamçı-varis yetişdirməsindədir.

          Qürurla qeyd edirik ki, 2003-cü ildən keçən dövr ərzində  ümummilli liderin ideyaları Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, çoxşaxəli  fəaliyyəti nəticəsində yaşayır və uğurla inki­şaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa­rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız inanır ki, əsası ümum­milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

          2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqı­mızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun, yenilməz sərkərdəsi,  Ali Baş Komandanı kimi Heydər Əliyev ideyalarını layiqincə davam etdirərək, yenilməz strateq kimi 2020-ci ildə cəmi 44 gün  davam edən Vətən müharibəsində düşməni məğlub edərək xalqımızın  30 illik torpaq həsrətinə son qoymuşdur.

 Bu gün Ulu öndər  Heydər Əliyevin cismən aramızda  olmaması  xalqımız   üçün nə qədər ağırdırsa,  İlham  Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının   Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi , Birinci-vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə  ulu öndərin zəngin irsinin dünyada geniş təbliği  ən böyük xoşbəxtlikdir. 
    Bu günlər ölkəmizin bütün guşələrində  olduğu kimi  Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə  Laçın rayonunda da  silsilə tədbirlər keçirilmişdir. Bu  tədbirlərin davamı olaraq 10 may 2024-cü  il tarixində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası  keçirilmişdir.  Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, idarə, müəssisə , təşkilat rəhbərləri və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.

          Tədbirdən əvvəl iştirakçılar hazırda  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində  fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət edərək önünə tər gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla  yad etmişlər. Sonra tədbir laçınlı köçkünlərin  müvəqqəti məkunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində ağacəkmə aksiyası  ilə davam etdirilmişdir. Aksiyada simvolik olaraq 101 həmişəyaşıl, 200-dən çox isə müxtəlif növ ağaclar əkilmişdir.

Keçidlər