Məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Sumqayıt şəhər Polis idarəsinin əməkdaşlarının, Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin və məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə 01.12.2025-ci il tarixində Laçın rayon 12 nömrəli tam orta məktəbdə məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı Aytəkin Zeynalova çıxış edərək məişət zorakılığın yaranma səbəbləri,qadınlara qarşı zorakılıq, gender əsaslı zorakılıqla mübarizə,ailələrdə məişət zorakılığı hallarının qarşısının alınması və məişət zorakılığına məruz qalmış şəxslərin hüquq və mənafelərinin qorunması,erkən nikah hallarının qarşısının alınması ilə bağlı ətraflı məlumat vermişdir. Ölkəmizdə məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə Milli Fəaliyyət Planının təsdiq edilməsi, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi habelə, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi xüsusilə vurğulanmışdır.
Tədbirlərdə çıxış edən polis əməkdaşları şagirdləri zərərli vərdişlərdən uzaq durmağı, nizamlı-intizamlı olmağı,məişətdə baş verən zorakılıqlardan kənar olmağı, öz hüquqlarını bilməyi tövsiyə etmiş, Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimləri sağlam həyat tərzinin,reproduktiv sağlamlıq,erkən evlilik və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında geniş məlumat vermişlər.Sonda məktəb psixoloqları və müəllimlər məişət zorakılığın cəmiyyətdə yaratdığı problemlər haqqında çıxış edərək iştirakçılarla fikir mübadiləsi aparmışlar.






