Laçınlılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirmişlər.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar ölkəmizin bütün bölgələrində olduğu kimi laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü ərazisində də mövsümi ağacəkmə aksiyası keçirilmişdir.
2024-cü il 14 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu, Taxta körpü qəsəbəsi ərazisində inşa olunmuş yenii istirahət parkında keçirilən ağacəkmə aksiyasında Laçın Rayon İcra Hakimiyyəinin başçısı Aqil Nəzərli, aparatın məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanları və idarə, müəssisə rəhbərləri, YAP Laçın rayon fəalları, çoxsaylı qəsəbə sakinləri iştirak etmişlər.
Aksiyada, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasəti sayəsində beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz layiqli töhfəsini verir. Bunun nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında dünya ölkələri tərəfindən qərar qəbul edilmişdir ki, bu da ölkəmizə göstərilən yüksək etimad və hörmətin əyani təzahürüdür.
Ümumilikdə aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq 450 ədəd Eldar şamı və digər ağaclar əkilərək suvarılmış və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Eyni zamanda aksiya çərçivəsində ərazidə böyüyən 270-dən çox ağaca qulluq edilmişdir.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd məcburi köçkünlərin məskunlaşdığı ərazidə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ərazidə yaşıllıq zolaqlarını daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.