Laçınlılar “Novruz” bayramını ruh yüksəkliyilə qarşılayırlar
2026-cı ilin 17 mart tarixində Laçın Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonu, Taxta Körpü köçkünlər qəsəbəsində, rayonun Şamkənd kənd uşaq musiqi məktəbinin qarşıında “Novruz” bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin iştirakı ilə keçirilən bayram tədbirində rayonun hüquq mühafizə orqanları rəhbərləri, YAP Laçın rayon təşkilatı fəalları, idarə, müəssisə kollektivləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, müharibə iştirakçıları, “N” saylı hərbi hissənin bir qrup əsgər və zabiti, çoxsaylı qəsəbə sakinləri iştirak etmişlər.
Bayram şənliyində rayon rəhbərliyi tərəfindən xalqımızın milli sənət əşyalarından ibarət sərgiyə baxış keçirilmişdir. Sərgidə xalqımızın qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat boxçaları, həmçinin “Novruz” bayramının simvollarından olan səmənilər, Laçın Rayon Tarix Diyarşünaslıq muzeyinin eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, küpə, mis kasa, kuzə, xalça, kilim, fərmaş, xurcun və sair kimi əşyalar yer almışdır. Sevindirici haldır ki, sərgidə işğaldan azad olunmuş Laçından gətirilən eksponatlarla yanaşı məktəblilərin əl işləri, habelə balaca idmançıların "Cüdo" idman növü üzrə müxtəlif fəndlər nümayiş olunmuşdur.
Tədbir başlamazdan əvvəl müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz xatirəsi iştrakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiilməsi ilə başlayan tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, hər bir ailəyə əmin-amanlıq, süfrələinin ruzi-bərəkətli olmasını arzulamışdır.
Qeyd olunmalıdır ki,ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi sayəsində altıncı ildir ki, xalqımızda “Novruz” bayramının keçirilməsində xüsusi əhval-ruhiyə şən ovqat yaranmışdır. Bu altı ildə “Novruz” byramı laçınlılar üçün ikiqat bayrama çevrilmişdir. Belə ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə artıq Laçın şəhərinə 614ailə 2264 nəfər, rayonun Zabux kəndinə 217 ailə 823 nəfər, Sus kəndinə 59 ailə 215 nəfər, Bəylik kəndinə 89 ailə 363 nəfər, habelə işğaldan azad edilmiş Qarabağın digər ərazilərinə 158 ailə 592 nəfər laçınlı keçmiş məcburi köçkünlər qayıtmaqla indi bayram tonqalını öz həyətlərində yandıraraq qürur duyur onlara bəxş edilən bu sevincə görə Yenilməz Prezidentimiz cənab İlham Əliyevə və Müzəffər Ordumuza dərin minnətdarlıqlarını bildirirlər.
Tədbirdə xalqımızın milli adət-ənənələrinə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də yüksək diqqət və həssaslıqla yanaşıldığı, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi misilsiz xidmətlərindən danışılmışdır.
Tədbirdə cəngi sədaları altında Dədə Qorqud bayram tonqalına yanaşaraq tonqalı yandırmaq üçün məşəli rayon rəhbərinə təqdim etmiş, bayram tonqalı ətrafında davam edən tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri, rəqqasələr qrupunun çıxışları, bir sıra milli adət-ənənələrin nümayiş olunması, kosa ilə kçəlin şən zarafatları tədbirə dəvət edilmiş “N” saylı hərbi hissənin əsgərlərinin qəsəbə sakinləi ilə birgə rəqsləri tədbir iştirakçılarında yüksək bayram əhval ruhiyyəsi, şən ovqat yaratmışdır.






