Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər

27 sentyabr 2022 | 12:39

    27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi Laçın rayonunda da qeyd olunmuşdur.

    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan, yenilməz sərkərdə cənab İlham Əliyevin   rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.  Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda  gedən  mübarizədə qəhrəmanlıq  göstərən əsgər və zabitlərimiz eləcədə bütövlükdə xalqımız əzm və iradə, birlik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirə  bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin  3000 nəfərədək hərbi qulluqçusu həlak olmuş, onlarla hərbi qulluqçu itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçu yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman  şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
     Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında  Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.


   27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Laçın  rayonunda da yüksək mütəşəkkilliklə qeyd olunmuşdur. Anım mərasimində Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri  iştirak etmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  başda olmaqla, anım mərasimi iştirakçıları Taxta Körpü, Qayğı qəsəbəsinin girişindən, əllərində Vətən müharibəsi şəhidlərinin şəkil-poster ərazidə yerləşən “Şəhidlərin  Xatirə kompleksi”nə doğru yürüş keçirmişlər. Rayon üzrə bütün şəhidlərin adlarının həkk olunduğu, əbədi məşəlin alovlandığı şəhidlərinin abidə kompleksi ziyarət edilərək, abidə önünə,  tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

      Daha sonra saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır.

       Anım mərasimi daxilində rayon İcra Hakimiyyəti başçısı,  hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri, qazilər tərəfindən  44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.
     Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

                    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

                   Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Keçidlər