Laçınlılar 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad etdilər
Azərbaycan xalqının taleyinə qəhrəmanlıq tarixi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 35 il keçir. Bu qanlı faciə 20-ci əsr boyu xalqımıza qarşı yönəldilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası bu siyasətin mərhələləri idi.
Ölkəmizin bütün bölgələrində olduğu kimi 2025-ci il 20 yanvar tarixində laçınlıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailəsi üzvlərinin, müharibə veteranlarının və çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Taxta Körpü qəsəbəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” qarşısında keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunmuş, əbədi məşəlin alovlandığı Xatirə kompleksi ziyarət olunaraq abidə önünə tər qərənfillər düzülmüşdür.
Qeyd edilməlidir ki, XX əsrin 90-cı illərinin əvvəllərində milli azadlığı, suveren hüquqları və dövlət müstəqilliyi uğrunda mübarizəyə başlayan Azərbaycan xalqına qarşı o zamankı SSRİ rəhbərliyi tərəfindən müasir silahlar və texnikalar ilə təchiz olunmuş müxtəlif qoşun hissələri yeridildi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanda SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən günahsız insanların gülləbaran edilməsi əməliyyatına başladı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə edərək, Bakıya qoşun yeridilməsinin əsas məqsədi guya hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ektremistlər" tərəfindən hakimiyyətin ələ keçirilməsinin qarşısını almaqdan ibarət idi. Həyata keçirilən qətliam nəticəsində Bakıda və respublikanın müxtəlif rayonlarında 147 nəfər mülki şəxs küçələrdə, evlərində, avtomobillərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Dövlət müstəqilliyinin bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı yanvar gecəsi baş verən hadisələr xalqımızın azadlıq arzusunu, müstəqillik idealının 70 il davam edən Sovet Hərb maşının repressiyasına rəğmən sönmədi, əksinə yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərlərinə deyil, bütün dünyaya göstərdi.
Bu gün Şəhidlər Xiyabanında yanan "Əbədi məşəl" istiqlaliyyət yolumuza işıq salır. Ölməzliyə gedən yol onları əbədiyyətə, xalqımızı isə azadlığa qovuşdurdu. Bu bir şanlı tarixidr. Qanlı yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi yolunda canlarını qurban verən həmvətənlərimiz hər zaman hörmətlə yad olunacaqdır.
Məğlub milləti qalib xalq etmiş yenilməz sərkərdə, dünyanı heyrətləndirməyi bacaran dövlət xadimi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin gücü ilə 30 ilə yaxın düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunması, eləcədə 2-ci Qarabağ müharibəsinin yekunu olaraq 2023-cü ilin 19-20 sentyabr tarixində bir gündən az müddətə ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə dövlət suverenliyimizin təmin edilməsilə Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin qisası alınaraq, ruhları rahatlıq tapmışdır. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. Hər il olduğu kimi bu ildə faciənin 35-ci il dönümündə bütün şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən ehtiramla yad olunur, ruhlarına dualar oxunur.