Laçınlılar 15 İyun - Milli Qurtuluş gününü yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd etmişlər. 13.06.2025
2025-ci il 13 iyun tarixində Ağcabədi rayonu Taxta Körpü ərazisindəki “Qayğı” qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin, habelə rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin və çoxsaylı ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü ziyarət olunmuş, büstün önünə gül dəstələri qoyularaq Ulu Öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər. Sonra tədbir qəsəbədəki Heydər Əliyev adına parkda davam etdirilmişdir.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir açıq elan olunaraq 1997-ci ildən xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi dövlət səviyyəsində qeyd edilən bu əlamətdar bayram münasibəti ilə rayon rəhbərliyi tərəfindən sakinlər təbrik edilmiş, bu tarixi günün müasir tariximizə qızıl hərflərlə yazıldığı qeyd olunmuşdur. Tədbirdə bildirilmişdir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə həmin illərdə ölkəmizi düçar olduğu vətəndaş müharibəsindən, xaos və anarxiyadan, tarixi nailiyyətimiz olan dövlət müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən xilas edilmiş, insanlarda yaşamaq əzmi yüksəlmiş, ölkədəki özbaşınalığa son qoyularaq, qanunsuz silahlı birləşmələr ləğv edilərək dövlət çevrilişlərinin qarşısı alınmışdır. Xüsusilə vurğulamışdır ki, 2003-cü ildən müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edərək regionda və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmiş, dövlət müstəqilliyinin sarsılmazlığı və əbədiliyi təmin edilmiş, ölkəmizin bütün sahələrində iqtisadi-siyasi yüksəlişə və tərəqqiyə nail olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən görülən geniş miqyaslı işlər sayəsində Ulu Öndər Heydər Əliyevin irsi beynəlxalq aləmdə də layiqincə təbliğ olunur.
Bayram tədbirində qürurla vurğulanmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi möhtəşəm Qarabağ zəfərinin nəticəsi olaraq dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin bərpası və işğaldan azad olunmuş doğma torpaqlarımıza qayıdış sevinci hər bir laçınlının qəlbində iftixar hissi yaratmış, bu sevinci bizə bəxş edən dövlət başçısı cənab İlham Əliyevə daim minnətdarlıq ifadə olunmuşdur.
Tədbir Rayon mədəniyyət işçilərinin bədii özfəaliyyət kollektivlərinin ifasında səsləndirilən rəngarəng musiqi nömrələri ilə davam etdirilmişdir.
Tədbir rayon sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.






