Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 12 Dekabr - Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anım günündə mütəşəkkilliklə iştirak ediblər.

12 dekabr 2024 | 17:03

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 dekabr 2024-cü il tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

     Çoxsaylı mərasim iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə ucaldılmış büstü qarşısına tər güllər düzərək, Ulu Öndərin əziz və unudulmaz xatirəsini hörmətlə yad etmişlər.

    Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Laçın rayonunun hüquqmühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbər və kollektivləri, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə əlilləri və iştirakçıları, Yeni Azərbaycan Partiyasının Laçın Rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişlər.

      Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz  böyük azərbaycanlı idi. Dünya siyasətinə təsir etmək gücündə olan Heydər Əliyev  nadir, unikal, seçilən siyasət adamı idi.  Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə liderlərdə var ki, bu onlarda fitrən mövcuddur, genlərində cəmləşib. Heydər Əliyev məhz ikincilərdəndir. Məhz belə dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparır, ən taleyüklü məqamlarda qalib rolu oynayırlar. Bu baxımdan da dahi Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.

    Müdrik və uzaqgörən sərkərdə Heydər Əliyevin imzaladığı Fərman və Sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbədə öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi göstərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi, bir günlük anti-terror əməliyyatları ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir ki, artıq bu gün üç rəngli dövlət  bayrağımız işğaldan azad edilmiş bütün şəhər və rayonlarda dalğalanır.

   Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur dahi Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

     Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Məhz həmin gündən hər il dekabrın 12-si xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.

      Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin!

Keçidlər