Laçınlı Vətən müharibəsi şəhidi Hacıyev Şükür Aslan oğlunun anım mərasimi keçrilmişdir
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Cabir Əvəzzadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Böyük məsləhətçisi Cövhər Sadıqzadə, Ağdam Rayon İcra Hakmiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının məsul şəxsləri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.
Tədbir iştirakçıları Ağdam rayonunun Quzanlı qəsəbəsində - Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək məzarı üzərinə güllər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Mərasimdə çıxış edənlər döyüşlərdə qəhrəmanlıq göstərən Şükürün şərəfli döyüş yolundan bəhs etmişlər.
Laçın rayonunun Budaqdərə kənd sakini şəhid Hacıyev Şükür Aslan oğlu 8 mart 2000-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 2006-cı ildə Yevlax rayonunun Varvara kənd ərazisində fəaliyyət göstərən köçkün məktəbinin 1-ci sinfinə daxil olmuş, 2013-ci ildən təhsilini Yevlax şəhər 10 saylı tam orta məktəbində davam etdirmiş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Hacıyev Şükür Aslan oğlu 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2020-ci ilin iyun ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu əks hücum əməliyatlarına başlayan zaman Hacıyev Şükür Aslan oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 05 noyabr 2020-ci il tarixdə Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 06 noyabr 2020-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə" medalı, “Laçının azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli "Vədənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.