Laçınlı tibb işçiləri 17 iyun - peşə bayramı gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdilər
17 İyun - Tibb işçilərinin peşə bayramı gününü qeyd edən laçınlı tibb işçiləri əvvəlcə Laçın Rayon İcra Hakimiyyəti inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstünü Laçın Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ziyarət edərək, abidənin önünə tər güllər düzmüşlər. Daha sonra tibb işçilərinə rayon rəhbərliyinin təbrikin çatdırmışdır.
Bildirilmişdir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il ölkəmizdə iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. 2003-cü ildən ötən müddət ərzində ölkəmizin sürətli iqtisadi tərəqqisi bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. Ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilib, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilib. Bundan əlavə, 750-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Statistikaya görə, hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır. Eyni zamanda səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar, milli səhiyyə sistemimizin sürətlə müasirləşməsi, xüsusilə vətəndaşların sağlamlığı üçün görülən işlərin daim diqqətdə saxlaması laçınlı sakinlər tərəfindən də dərin razılıq və minnətdarlıqla qarşılanır.
Tibb İşçilərinin Peşə Bayramı ərəfəsində Azərbaycan Respublikasının səhiyyə işçilərinin yüksək fəxri adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2022-ci il tarixli Sərəncamı səhiyyə işçilərinə, xüsusilə 44 günlük Vətən müharibəsi iştirakçılarına verilən ən yüksək qiymət olmaqla, onların işinə yeni stimul vermişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli laçınlı tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır, onların bundan sonra da insanların sağlamlığının qorunmasında ləyaqətlə xidmət edəcəklərinə əminliyini bildirir.
Hazırda “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nəzdində 1 təcili tibbi yardım şöbəsi, 1 poliklinika, 7 kənd xəstəxanası, 3 həkim ambulatoriyası, 99 tibb məntəqəsi rayon sakinlərinin xidmətindədir.