Laçınlı təhsil işçiləri 15 sentyabr “Bilik Günü”nü fərəhlə qeyd edirlər
2023-cü il 15 sentyabr tarixində ölkəmizin bütün təhsil müəssisələri ilə yanaşı Laçın rayonunda da 2023-2024-cü tədris ilinin ilk dərs məşğələlərinin başlanmasına start verildi. Yeni dərs ili laçınlılar üçün daha əlamətdar olmuşdur. Belə ki, 32 ilik ayrılıqdan sonra ata-baba yurdlarına qayıdan laçınlılar, ölkə Preziidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbinin fəaliyyətə başlaması ilə bağlı dövlət başçısına dərin minnədarlıqlarını və təşəkkürlərini bildirir, bu tarixi hadisədən yüksək qürur və fərəh hissi keçirirlər.
Qeyd edirik ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il sentyabrın 22-də imzaladığı Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılaraq cəmi 8 ay ərzində bütün işlər yekunlaşırılaq məktəblilərin istifadəsi üçün hazır vəziyyətə gətirilmişdir.
Bildirik ki, cari ilin avqustun 25-də ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə erməni işğalından azad edilmiş Laçın şəhərinə növbəti səfərləri zamanı Laçın şəhər 2 nömrəli və Zabux kənd ümum orta məktəblərinin yeni dərs ilinə hazırlıq vəziyyəti ilə şəxsən tanış olmuşlar. Ümumilikdə 510 şagird yerlik Laçın şəhər 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.
Cari tədris ilində Laçın şəhər 2 nömrəli tam orta məktəbində ilkin olaraq Laçın şəhərinə qayıdan sakinlərin 227 övladı ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə köçürülənlərin övladları da təhsil alacaqlar. Çünki Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində tədris oktyabrın 1-dən başlayacaq. Odur ki, həmin məktəbdə təhsil alacaq şagirdlər məktəb fəaliyyətə başlayanadək müvəqqəti olaraq Laçın şəhəri 2 nömrəli tam orta məktəbində təhsillərini davam etdirəcəklər.
Rayonun bütün ümumtəhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuş, dövlətimizin ərazi bütövlüyü və torpaqlarımızın erməni işğalçılarından azad edilməsində qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq onların ruhuna dualar oxunmuşdur.
Danılmaz həqiqətdir ki, son illərdə ölkəmizdə digər sahələrlə yanaşı təhsildə əldə olunan nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə bağlı apardığı məqsədyönlü siyasətin, həmçinin ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının əməli nəticəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün bütün respublikamızda olduğu kimi Laçın rayonunda da təhsilin səviyyəsi günü-gündən artmaqdadır. Bunun bariz nəticəsidir ki, ötən dərs ilinin yekunlarına görə rayonun ümumtəhsil müəssislərini bitirmiş məzunlardan 465 nəfər respublikanın ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, onlardan da 4 nəfəri 600-dən 32 nəfəri isə 500 –dən çox bal toplamışdır.
İlkin qeyddiyyata əsasən 2023-2024-cü tədris ilində Laçın rayonunun ümumi təhsil müəssisələrində ümumilikdə 3284 şagirdin təhsil alacaq ki, bunlardan da birinci siniflərdə ümumilikdə 952, IX siniflərdə 1319, XI siniflərdə isə 1013 şagird təhsilə cəlb olunmuşdur.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 15 sentyabr “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibəti ilə rayonun bütün təhsil işçilərini təbrik edir, onlara müqəddəs işlərində uğurlar arzulayır.