Laçınlı məktəblilərlə məişət zorakılığı ilə mübarizə və sosial şəbəkələrdən asılılığın qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilmişdir
14 aprel 2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, rayonun 23 saylı tam orta məktəbin təşkilatçılığı ilə məişət zorakılığına qarşı mübarizə və azyaşlıların sosial şəbəkələrdən asılılığının qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Laçın rayonu 23 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi ,həmçinin valideynlər iştirak etmişlər.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yadd olunmuşdur.
Daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mövzularla bağlı əyani vəsaitlər vasitəsilə ətraflı izahat verilərək məkəblilərlə maarifləndirici müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, Komputer və informasiya texnologiyalarının yüksək inkişafı və bütün sahələrdə gedən sürətli elektronlaşma dünyanın hər yerində olduğu kimi ölkəmizdə də insanların həyat tərzinə öz təsirini göstərir. İstər-istəməz hər kəs internet və sosial şəbəkələrdən bu və ya digər şəkildə istifadə etməli olur. Müasir texnoloji inkişaf hazırda təhsil sisteminin də ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu məqsədlə şagirdlər də artıq müəyyən vaxtlarını texnoloji avadanlıqlardan istifadə etməklə keçirir və nəticədə onlarda təbii olaraq bu sahəyə maraq yaranır. Lakin, bu komputer və texnologiyadan səmərəli şəkildə istifadə etmədikcə arzuolunmaz nəticələrə gətirib çıxarır və bu birbaşa azyaşlıların bütün həyat tərzinə, dərslərə hazırlaşmasına, onların mənəvi-psixoloji vəziyyətinə olduqca mənfi təsir edir. Bundan əlavə, təhsil müəssisələrində baş verə biləcək hər hansı zorakılıq hallarının qarşısının alınması, azyaşlıların və yeniyetmələrin həm ailədaxili, həm də təlim prosesində üzləşə biləcəyi bullinq və digər zorakılıq vəziyyətlərində necə davranmalı olmaları onlara izah edilmişdir.
Tədbirdə çıxış edən müəllimlər və valideynlər bu cür aktual mövzularla bağlı təhsil müəssisələrində təşkil olunan tədbirləri yüksək qiymətləndirərək onların şagirdlərin daha sağlam və intellektual şəkildə yetişməsində, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə olunmasında müsbət rolunun olduğunu diqqətə çatdırdılar. Şagirdlər də qeyd olunan mövzularla bağlı öz fikirlərini bölüşərək bundan sonra sosial şəbəkələrdən daha diqqətli və faydalı məlumatlar əldə etmək məqsədilə istifadə edəcəklərini bildirmişlər. Çıxış edən digər iştirakçılar bu səpkidə tədbirlərin bütün tədris müəssiələrində mütəmadi şəkildə təşkil olunmasının vacibliyini diqqətə çatdırmışlar.






