Laçınlı məktəblilərlə məişət zorakılığı ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
16 aprel 2026 -cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayon 10 nömrəli tam orta ümumtəhsil məktəbində məişət zorakılığı ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Laçın rayon 10 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim, psixoloq və şagird kollektivi iştirak etmişdir. Tədbirin əsas məqsədi məişət zorakılığının qarşısının alınması, bu sahədə cəmiyyətin məlumatlandırılması, zərərçəkmiş şəxslərin hüquqlarının qorunması istiqamətində iştirakçıların biliklərinin artırılması olmuşdur.
Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aytəkin Zeynalova tədbiri giriş sözü ilə açaraq məişət zorakılığının yaranma səbəbləri, növləri, qadınlara qarşı zorakılıq, ailələrdə məişət zorakılığı hallarının qarşısının alınması və məişət zorakılığına məruz qalmış şəxslərin hüquq və mənafelərinin qorunması, qısamüddətli və uzunmüddətli mühafizə ordenləri, erkən nikah hallarının qarşısının alınması ilə bağlı ətraflı məlumat vermişdir. O, çıxışında məişət zorakılığının əsas səbəblərin savadsızlıq, insanların öz hüquq və vəzifələrini bilməməsi, və s. olduğunu vurğulayaraq hər kəsin , xüsusilə qadınların və qız uşaqlarının həyatında təhsilin vacibliyini bir daha diqqətə çatdırmışdır.
Çıxış edən digər natiqlər də təhsil müəssisələrində bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin əhəmiyyətini ifadə etdilər. Məişət zorakılığının cəmiyyət üçün ictimai bəla olduğunu, məişət zorakılığına daha çox qadın və qızların məruz qaldığını bildirən tədbir iştirakçıları qadınları və qızları bütün növ zorakılıqdan qorumaq, qadınlara qarşı zorakılığın qarşısını almaq, cinayət törədənləri məsuliyyəyə cəlb etmək, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvinə dəstək olmaq, qadınlar və kişilər arasında bərabərlik prinsipini inkişaf etdirmək hər birimizin vəzifəsinə çevrilməli olduğunu bildirilmişdir. Daha sonra məktəbin psixoloqu və müəllimlər məişət zorakılığının cəmiyyətdə yaratdığı problemlər haqqında çıxış edərək öz fikirlərini bildirdilər. Həmçinin məişət zəminində törədilən zorakılıqla mübarizədə hüquqi maarifləndirmənin və bu mövzuda tədbirlərin əhəmiyyətini diqqətə çatdırdılar.






