Laçınlı məktəblilər arasında maarifləndirici tədbir keçirilmişdir
23 noyabr 2023-cü il tarixində Laçın Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi regional bölməsinin birgə təşkilatçılığı ilə Laçın rayonunun Qarakeçdi kənd 1 və 2 nömrəli tam orta məktəblərində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi regional bölməsinin əməkdaşı Cavid Məlikzadə, rayon poliklinikasının həkimi Təzəgül Ələkbərova, hər iki məktəbin yuxarı sinif şagirdləri, müəllim və valideynlər iştirak etmişlər.
Tədbir başlamadan əvvəl iştirakçılar tərəfindən xalqımızın Ümummilli lideri Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində hər birimizə Möhtəşəm Qələbə sevincini yaşadan, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov iştirakçıları rayon rəhbərliyinin adından salamlayaraq, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Çıxışda qeyd olunub ki, ölkədə cərəyan edilən bütün hadisələrin mürəkkəb məqamında yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa əsasən dövlət-din münasibətlərinin, vicdan azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması yenidən tənzimləndi. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlət-din münasibətləri sisteminin effektliyini təmin edən başlıca amil isə həmin sistemin xalqımızın xarakterik xüsusiyyətlərinə, dövrün müasir tələblərinə və vicdan azadlığının təmin olunması prinsipinə əsaslanması idi. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz digər sahələrdə olduğu kimi dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib.
Təəssüf hissi ilə qeyd olunub ki, Azərbaycanın tərəqqisini qəbul edə bilməyən, milli dövlətçiliyimizə qarşı çıxan, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən, din pərdəsi altında gizlənən radikal qruplar da mövcuddur ki, böyüməkdə olan nəslə belələrinin fitvasına uymamaq onlara qarşı daim mübariz olmaq tövsiyə olunub.
Sonra tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi regional bölməsinin əməkdaşı Cavid Məlikzadə tərəfindən “Dini radikalizm və ekstremizmin mahiyyəti” həmçinin, rayon poliklinikasının həkimi Təzəgül Ələkbərova tərəfindən isə “Erkən nikah və məişət zorakılığına qarşı mübarizə” mövzuları üzrə məktəblilərə geniş məlumat verilmişdir
Hər iki mövzuda çıxış edən natiqlər məktəblilərə fiziki və mənəvi sağlamlıqlarını qorumaqla onların əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz açıblar.
Sonda hər iki məktəbin rəhbəri çıxış edərək tədbirin əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlıqlarını bildiriblər.