Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində “Novruz” bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilmişdir.
2024-cü il 15 mart tarixində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta Körpü qəsəbəsində Laçın rayonunun Şamkənd kənd uşaq musiqi məktəbinin qarşısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə kollektivləri və çoxsaylı qəsəbə sakinlərinin iştirakı ilə “Novruz” bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilmişdir.
Bayram şənliyi başlamazdan əvvəl rayon rəhbərliyi tərəfindən xalqımızın milli sənət əşyalarından ibarət sərgiyə baxış keçirilmişdir. Sərgidə xalqımızın qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat boxçaları, həmçinin “Novruz” bayramının simvollarından olan səmənilər, Laçın Rayon Tarix Diyarşünaslıq muzeyinin eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, küpə, mis kasa, kuzə, xalça, kilim, fərmaş, xurcun və sair kimi əşyalar yer almışdır. Sevindirici haldır ki, bu ilki sərgidə işğaldan azad olunmuş Laçından gətirilən eksponatlarda nümayiş olunmuşdur. Eyni zamanda tədbirdə müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər təşkil edilməklə, milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara bayram şirniyyatları paylanılmışdır.
Təntənəli bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi sayəsində dördüncü ildir ki, xalqımıza “Novruz” bayramının keçirilməsində xüsusi əhval-ruhiyə şən ovqat gətirmişdir. Rayon rəhbəri bu ilki “Novruz” byramının laçınlılar üçün ikiqat bayram oluğunu xüsusilə vurğulayaraq qeyd etmişdir ki, ötən ildən başlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə Laçın şəhərinə və rayonun Zabux kəndinə qayıdan 650-dən çox ailə 32 ildən sonra bayram tonqalını ata-baba yurdlarında yandıracaq ki, bundan əziz və qürurverici hiss ola biməz.
Rayon rəhbəri çıxışında xalqımızın milli adət-ənənələrinə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də yüksək diqqət və həssaslıqla yanaşıldığını, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.
Tədbirdə cəngi sədaları altında Dədə Qorqud bayram tonqalına yanaşaraq tonqalı yandırmaq üçün məşəli rayon rəhbərinə təqdim etmiş, bayram tonqalı ətrafında davam edən tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri, rəqqasələr qrupunun çıxışları, bir sıra milli adət-ənənələrin nümayiş olunması, tədbirə dəvət edilmiş “N” saylı hərbi hissənin əsgərlərinin qəsəbə sakinləi ilə birgə rəqsləri tədbir iştirakçılarında yüksək bayram əhval ruhiyyəsi, şən ovqat yaratmışdır.