Laçınlı gənc ailələrlə maarifləndirici tədbir keçirildi
4 mart 2025-ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayon 1 nömrəli tam orta məktəbində “ Gənc ailələrə tövsiyələr ” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Aytəkin Zeynalova, gənc müəllim və valideynlər iştirak etmişlər.
Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova tədbirdə çıxış edərək Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında rolunun artırılması məqsədilə “Gənc ailələrə tövsiyələr” adlı maarifləndirmə vəsaiti hazırlanmasını və rayonunun ictimai fəalları tərəfindən gənc ailələrə paylanışını birgə əməkdaşlığın yeni metodlarından olduğunu vurğulamışdır.
Həmçinin o, çıxışında ailə və onun dəyərləri, vəzifələri, qurulması, qorunması yolları haqqında iştirakçılara geniş məlumat verərək xalqımız üçün ailənin tarix boyu çox böyük əhəmiyyət daşıdığını, ailənin kiçik dövlət hesab olunduğunu qeyd etmişdir.
Tədbidə, Laçın rayon 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova çıxış edərək mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm vəzifə daşıyan, genefondumuzun davamçısı olan ailələrin qorunması, uzunömürlü olması üçün qarşılıqlı sevgi, hörmət, sədaqət hisslərinin möhkəm olmasının vacibliyini bildirdi. Eyni zamanda o, ailə təcrübəsi az olan gənc qadınlara ailədaxili münasibətlərlə bağlı öz tövsiyələrini verdi. Sonra gənc ailələrlə diskussiya aparılaraq onları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda hər bir iştirakçıya Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş “ Gənc ailələrə tövsiyələr ” adlı bukletlər paylanıldı.