Şriftin ölçüsü :

Saytın rəngi :

Laçının erməni işğalından azad olunması Zəfər tariximizin parlaq səhifəsidir

01 dekabr 2025 | 16:38

Müasir Azərbaycan tarixinə yazılan şanlı səhifələrdən biri də Laçın  rayonunun erməni işğalından azad olunduğu 2020-ci il 1 dekabr tarixidir.

        Qeyd olunmalıdr ki,  1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu, Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən strateji coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu səbəbdən Laçın işğal olunduqdan sonra Ermənistan Azərbaycan əraziləri üzərində nəzarətini genişləndirmək üçün əsas körpünü əldə etmişdi.

                Otuz illik işğal ərzində Laçın faciəsi təkcə laçınlıların deyil, bütün xalqımızın qəlbində ağır bir yara kimi yaşayırdı. 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənnab  İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi Şanlı Qələbə nəticəsində Laçın rayonunun böyük hissəsi işğaldan azad edildi.    

        2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Laçın şəhəri və Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinə verilmişdi. Lakin dövlət başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edirdi ki, Laçın da öz doğma sahiblərinə qaytarılacaq. Nəhayət 2022-ci ilin avqustunda  tarixi ədalət tam bərpa olunaraq, Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu. Beləliklə,  Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan öz suverenliyini bərpa edərək, Laçın şəhərinə və kəndlərinə böyük həyat gətirmişdir. Bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də mənəvi zəfərdir.” Qürurverici haldır ki, 2021-ci il fevralın 14-dən başlayaraq  ötən bu 5 il ərzində dövlət başçısı cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Laçına 12 dəfə  səfərləri zamanı   ərazidə aparılan yenidənqurma  və bərpa işlərini  şəxsən nəzarətdə saxlaması bütün köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Odur ki, qıssa müddətdə rayonda görülmüş quruculuq və bərpa işləri nəticəsində 2023-cü ildən başlayaraq  ilk köç karvanı Laçına qayıtdı və yüzlərlə ailə öz doğma yurduna qovuşdu. Hazırda  Laçın  şəhəri və   rayonun Zabux,  Sus , Bəylik kəndlərində 955 ailə olmaqla 3577 nəfər laçınlı ata-baba yurduna qayıdaraq rayonda gedən quruculuq və bərpa işlərində həvəslə işləyirlər.

          Laçın rayonunun azad olunması Azərbaycanın dövlətçilik tarixində strateji, siyasi və mənəvi baxımdan dönüş nöqtəsi oldu. Əvvəla, bu, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasının əsas mərhələlərindən biri idi. İkincisi, bu zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirdi. Çünki Azərbaycan bütün dünyaya sübut etdi ki, öz torpaqlarını işğaldan azad etmək üçün həm siyasi iradəyə, güclü ordusuna, həm də xalqın dəmir iradəsinə arxalanır. Laçının bərpası isə müasir Azərbaycanın gücünün, inkişafının, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” proqramının təcəssümüdür.

                Eyni zamanda Laçının azad olunması Türk dünyası, eləcə də region ölkələri üçün mühüm geosiyasi hadisə oldu. Çünki bu, Azərbaycanın regiondakı rolunu artırdı, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına təkan verdi. Laçın üzərindən keçən yeni nəqliyyat xətləri təkcə ölkəmiz üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır. Laçın zəfəri həm də milli birlik, dövlət-xalq həmrəyliyinin bariz nümunəsidir. Azərbaycan xalqı bu yolda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Tarixi təcrübə göstərdi ki, xalq və dövlət bir amal uğrunda birləşəndə heç bir güc qarşısında dayana bilməz.Bu gün Laçın yenidən qurulur, tarix yenidən yazılır. Bu tarixi Zəfər bizim gələcək nəsillərimizə əmanət edilən ən böyük qürur və iftixar mənbəyidir.

         Daim  ölkə Prezidenti cənab İlham  Əliyevin ətrafında sıx birləşən hər bir laçınlı qəti əmindir ki, dövlət başçıının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəkdir

Keçidlər