Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi Laçınlılar tərəfindən əsl bayram kimi qeyd edildi.

26 avqust 2022 | 17:37

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2022-ci il avqustun 26-da bütün Azərbaycan xalqını sevindirdi: “Biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” .
Bu qısa, amma möhtəşəm xəbər hamı kimi Laçınlılarda da böyük ruh yüksəkliyi, tükənməz sevinc hiss yaratdı. Bu şad xəbərdən az keçməmiş Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlılar dəstə-dəstə ərazidəki “Heydər” parkına axışdılar. Sakinlər Laçın şəhərinin, eləcədə, Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə keçməsini böyük şadyanalıqla qarşıladılar. Laçınlı incəsənət ustalarının musiqi çıxışları bu tədbiri əsl bayrama çevirdi.
Vurğulandı ki, Laçın şəhərinin yüksəliş dövrü isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində xüsusi olaraq Laçın şəhərinin inkişafının sürətləndirilməsi üçün respublika rəhbərliyi səviyyəsində çoxsaylı göstərişlər verilib, sənədlər imzalanıb. Məhz həmin dövrdə Laçının sosial-iqtisadi inkişafı sürətlənib, şəhərə və yüzdən artıq kəndə avtomoil yolu, su kəməri, işıq çəkilmişdir. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə Şuşa ilə Laçını birləşdirən yollar əsaslı təmir edilmiş və demək olar ki, hər bir yaşayış məntəqəsində sosial obyektlər tikilərək istifadəyə verilmişdir. 1971-ci il 16 noyabr tarixində Azərbaycan KP MK və Nazirlər Soveti "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında" qərar qəbul etmişdi. Elə həmin tarixdə respublika rəhbərliyinin "Laçın rayon zəhmətkeşlərinə mədəni məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK Bürosu "Laçın şəhərinin 50 illiyi haqqında" qərar qəbul edir. Məhz həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Laçın rayonu sıçrayışlı inkişaf yoluna qədəm qoymuşdur. Lakin, 1992-ci ilin mayında Ermənistanın təcavüzü nəticəsində işğal edilən Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu mənfur düşmən tərəfindən talan edildi. 2020-ci ilin payızında Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Ölkə başçısı cənab İlham Əliyevin müdrikliyi və qətiyyəti, ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.
Laçınlılar Azərbaycan Respublikasının Prezidendi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev rəhbərliyi altında Laçın şəhərində, eləcədə digər yaşayış məntəqələlərində tikinti-qurucluq işlərində yaxından iştirak edəcəklərini, bununlada Laçın rayonunun Azərbaycanın ən gözəl və ən abad rayonlarından birinə çevriləcəyini bildirdilər.
Laçınlı şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar və gənclər bu tarixi hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidendi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, yenilməz sərkərdə cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmiş, uca Tanrıdan ona ən xoş arzularını diləmişlər.

Keçidlər