Laçın şəhərinə 6-cı mərhələdə daha 18 məcburi köçkün ailəsi yola salındı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, əhalinin öz doğma yurd-yuvalarına qayıdışı bütün məcburi köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
2023-cü il 18 iyul tarixdə səhər saatlarında Laçın şəhərinə əhalinin qayıdışı çərçivəsində 6-cı mərhələdə Laçın şəhərindən olan daha 18 ailə, 73 nəfər məcburi köçkün Laçın rayon rəhbərliyinin xeyir-duası ilə Bakı şəhərindən Laçın şəhərinə yola salındı.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.