Laçın şəhərinə 4-cü mərhələdə daha 15 məcburi köçkün ailəsi yola salındı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma və bərpa işlərini şəxsən nəzarətdə saxlaması bütün köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
2023-cü il 25 iyun tarixdə isə səhər saatlarında Laçın şəhərinə qayıdış çərçivəsində 4-cü mərhələdə Laçın şəhərindən olan daha 13 ailə 46 nəfər məcburi köçkün Laçın rayon rəhbərliyinin xeyir-duası ilə Bakı şəhərindən, 1 ailə 2 nəfər Şirvan şəhərindən, 1 ailə 5 nəfər isə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsindən Laçın şəhərinə yola salındı.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.