Laçın şəhərinə 23-ci mərhələdə daha 23 məcburi köçkün ailəsi yola salındı
30 yanvar 2024 | 09:56
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
30.01.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 23 ailə - 72 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 12 ailə - 36 nəfər, Sumqayit şəhərində məskunlaşmış 5 ailə - 8 nəfər, Abşeron rayonunda məskunlaşmış 3 ailə - 17 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Bərdə rayonunda məskunlaşmış 3 ailə - 11 nəfər məskunlaşdıqları ərazidən Füzuli rayonunun Horadiz şəhərində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 30.01.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 431 ailə - 1627 nəfər köçürülmüşdür.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.