Laçın şəhərinə 2-ci mərhələdə 22 məcburi köçkün ailəsi yola salındı.
Artıq son üç ildir ki, bütün dünya Azərbaycanlıları ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində əldə etdiyi şanlı Qarabağ Zəfərini böyük təntənə, sevinc və qürurla qeyd edir.
Bu üç il müddətində dövlət başçısı cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma və bərpa işlərini şəxsən nəzarətdə saxlaması bütün köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Qeyd olunmalıdır ki, əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
2023-cü il 28 may tarixdə Laçın şəhərinə qayıdış çərçivəsində 1-ci mərhələdə Laçın şəhərindən olan 20 ailə 97 nəfər məcburi köçkün 31 illik həsrətdən sonra öz ata-baba yurdlarına böyük sevinc və fərəh hissi ilə qayıtdılar.
2023-cü il 14 iyun tarixdə isə səhər saatlarında Laçın şəhərinə qayıdış çərçivəsində 2-ci mərhələdə Laçın şəhərindən olan 22 ailə 72 nəfər məcburi köçkün Laçın rayon rəhbərliyinin xeyir-duası ilə Bakı şəhərindən Laçın şəhərinə yola salındı.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.