Laçın rayonunun Zabux kəndinə ilk köç karvanı yola salınmışdır.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə 2023-cü il 25 avqust tarixdə ilk köç karvanının yola salınması mərasimi keçirilmişdir.
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park-3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr Füzuli rayonu ərazisində onlara qoşularaq hərəkətə davam edəcəklər.
Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcəkdir. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilmişdir. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə ediləcəkdir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə həyata keçirilir.
Bu gün zabuxlular onların həyatlarında ən sevincli və qürurlu günləri yaşayırlar. Belə ki, Zabux kəndinə bu gün ilk mərhələdə 20 ailə olmaqla, 88 nəfər köçürülür. Onların arasında 1-ci Qarabağ müharibəsi şəhidinin ailəsi, müharibə veteranları ailələri də var.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra sevinclə doğma yurdlarına qayıtdıqlarına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirmiş, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmişlər.