Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınmışdır.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Sus kəndinə 2024-cü il 9 may tarixdə ilk köç karvanının yola salınması mərasimi keçirilmişdir.
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park-3” yaşayış kompleksindən yola düşən köç karvanına Şirvan şəhərindən, Bərdə və Qax rayonlarından Sus kəndinə qayıdan ailələr Füzuli rayonu ərazisində onlara qoşularaq hərəkətə davam edəcəklər.
Ümumi sahəsi 25 hektar olan Sus kəndinə 59 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 20 ailə köçürüləcəkdir. Kənddə 132 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Sus kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə ediləcəkdir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə həyata keçirilir.
Bu gün suslular onların həyatlarında ən sevincli və qürurlu günləri yaşayırlar. Belə ki, Sus kəndinə bu gün ilk mərhələdə 20 ailə olmaqla, 75 nəfər köçürülür.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 32 ildən sonra sevinclə doğma yurdlarına qayıtdıqlarına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirmiş, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmişlər.