Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun Bəylik kəndinə 3-cü mərhələdə daha 38 məcburi köçkün ailəsi yola salındı.

31 may 2025 | 09:31

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Bəylik kəndinə 2025-ci il 31 may tarixdə  üçüncü köç karvanının yola salınması mərasimi keçirilmişdir.

31.05.2025-ci il tarixdə Laçın rayonunun Bəylik kəndinə ümumilikdə 38 ailə - 153 nəfər, o cümlədən Bakı və Sumqayıt şəhərlərindən, eyni zamanda Abşeron rayonundan köçürülən 7 ailə (27 nəfər) Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Ağcabədi, Bərdə, İsmayıllı, İmişli və Beyləqan rayonlarında məskunlaşmış 31 ailə  (126 nəfər) isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın rayonunun Bəylik kəndinə yola salınmışdır.

Laçın rayonunun Bəylik kəndinə köçürülənlərin nəqliyyat vasitələri karvanları Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək, kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaqdır.

31.05.2025-ci il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Bəylik kəndinə ümumilikdə 89 ailə - 363 nəfər köçürülmüşdür.

Bəylik kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə ediləcəkdir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə həyata keçirilmişdir. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilmiş, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilmiş, qaz təchizatı ilə təmin olunmuşdur.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 33 ildən sonra sevinclə doğma yurdlarına qayıtdıqlarına görə  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmişlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirmiş, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmişlər.

Keçidlər